Bu gün akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Unikal.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib:

"Ölkənin inkişafını təhsil olmadan təsəvvür etmək mümkün deyil. Heydər Əliyev deyirdi ki, "İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır. 

Ölkəmizdə ulu öndərin tövsiyələrinə əməl olunaraq müasir məktəb binaları tikilir. Bu gün istifadəyə verilən Şahtaxtı kənd tam orta məktəbinin binası da təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Bu gün orta məktəblərdə təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın ali, orta ixtisas və peşə məktəbləri ilə yanaşı, eyni zamanda xarici ölkələrdə də təhsil almaq imkanında olmalıdır. Bunun üçün şagirdlər, ilk növbədə xarici dil bilməli və dəqiq elmləri yaxşı öyrənməlidirlər. Ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müasir tədris imkanları olan məktəb binaları istifadəyə verilir, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları artırılır, öz fəaliyyəti ilə fərqlənən müəllimlərin əməyi qiymətləndirilir. Şahtaxtı kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılmış, məktəbin 1 müəllimi "Tərəqqi medalı ilə təltif edilmiş, 1 müəllim isə Azərbaycan Respublikasının "Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri deyib: Ötən tədris ilində məktəbin məzunlarından 7-si ali məktəblərə, doqquzuncu sinif bazasından isə 4 şagird orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplamışdır.

Ali Məclisin Sədri deyib: Şahtaxtı kənd tam orta məktəbi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Məktəb muxtar respublikanın xüsusi təhsil müəssisələrindəndir. Ona görə də məktəbdə bundan sonra da tədris günün tələbləri səviyyəsində qurulmalı, nizam-intizama ciddi əməl olunmalı, nailiyyətlər daha da artırılmalıdır. Məktəbdə şagirdləri həkim peşəsinə yönləndirməli, onların gələcəkdə tibb təhsili almasına xüsusi diqqət yetirilməlidir. Məktəb binasında dəqiq elmlərin tədrisi üçün yaradılan şərait, kimya, biologiya və fizika laboratoriyalarının istifadəyə verilməsi, ixtisaslı müəllimlərin olması bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır.

Gənc müəllim Nilufər Rzayeva kollektiv adından minnətdarlıq edərək deyib: Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində yaradılan şərait müəllim kollektivini, xüsusilə gənc müəllimləri daha səylə çalışmağa ruhlandırır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, məktəbimizdə ölkəmiz üçün savadlı, vətənpərvər, ən əsası isə gələcəyin həkimi olan gənclər yetişdirək.

Məktəbdəki şahmat otaqları, müasir idman zalı və hərbi kabinə şagirdlərin əqli və fiziki cəhətdən inkişafında, hərbi vətənpərvərlik tərbiyələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.