Azərbaycanda rabitə xidməti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Unikal.org-un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə 362-1-ci və 362-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutan layihə müzakirə olunub.

Yeni maddələrə əsasən, rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 3 min manat miqdarında cərimə ediləcək.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat, hüquqi şəxslər isə 6 min manat miqdarında cərimə olunacaqlar.

Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 3 min manat cərimə ediləcəklər.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat, hüquqi şəxslər 6 min manat cərimə olunacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.