"Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) kollektivi 2016-cı ilin on ayı, o cümlədən cari ilin oktyabr ayı üçün texniki-iqtisadi göstəricilər üzrə verilmiş tapşırıqları tam həcmdə yerinə yetirib.

"Azərenerji ASC-nin mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumata görə, 10 ay ərzində elektrik enerjisinin faktiki istehsalı 5,3 milyard kilovat-saatdan artıq, oktyabr ayı ərzində isə 569 milyon kilovat-saata yaxın olub.

Cari ilin ötən ayları ərzində enerji blokları və avadanlıqların istismarı ilə yanaşı onlarda təmir və profilaktiki yoxlama-sınaq işləri də aparılıb. Ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib. Bununla yanaşı 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işləri də görülüb. Bundan başqa 330 kV-luq açıq paylayıcı quruluşda (APQ) eleqaz açarlarının cari, 500 kV-luq APQ-də hava açarlarının əsaslı və cari təmiri, enerji bloklarında qazan qurğularının qaz yollarında və regenerativ hava qızdırıcılarında əlavə hava sovrulmasının azaldılması, ocaq kamerasının, dönmə zonasının, konverktiv şaxtanın qaz və hava yollarının his və qurumdan təmizlənməsi yerinə yetirilib və digər işlər görülüb.

Hazırda stansiyada dispetçer yük qrafikinə uyğun olaraq sutkada 20 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilir.

8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinсi bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilib.