Paytaxtın Nəsimi rayonu Salatın Əsgərova və Mərdanov qardaşları küçəsinin kəsişməsindəki yolda olan ağacın üzərinə nişana bənzər löhvə vurulub. Məlum oldu ki, bu löhvəni elə yaxınlıqda yaşayan sakinlərin özləri vurublar. Səbəb kimi ərazidə tez-tez baş verən yol nəqliyyat hadisəsini göstərirlər.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, yolda avtomobillərin bir-birilərinə yol verməkdə çətinlik çəkdiklərinin şahidi olmaq mümkündür. Sürücülərin sözlərinə görə, əraziyə nişana bənzər löhvənin vurulması onları çaşdırır. Çünki uzaqdan sürücülər bu löhvəni görüb əyləcə basmaq məcburiyyətində qalırlar. Ancaq yaxınlaşdıqda sürəti artırırlar ki, bu da piyada zolağından keçən insanların həyatını təhlükəyə atır.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, problem tez bir zamanda həll olunacaq. Həmin löhvənin yerinə yeni nişan qoyulacaq. Löhvəni ağaca özbaşına vuran şəxs də cərimə olunacaq.

Xatırladaq ki, belə şəxsləri 30-50 manat arasında cərimə gözləyir.