"İnterAz televiziya kanalı və "Salamnews informasiya agentliyinin əməkdaşları növbəti dəfə maaşlarının verilməməsinə etiraz ediblər.

Unikal.org bildirir ki, bu barədə Publika.az-a "Salamnews-dan məlumat daxil olub.

Məlumatda deyilir ki, bu yaxınlarda "İnterAz televiziya kanalı və "Salamnews informasiya agentliyinin 15-ə yaxın əməkdaşı şirkətin rəhbəri Hacı Mətləb Bağırova müraciət edərək, maaşlarının verilməməsinə etirazlarını bildiriblər.

İşçilər artıq 4 aydır ki, maaşlarının verilməməsindən şikayətlənib. Onlar qeyd edib ki, "İnterAz və "Salamnewsda çalışan işçilər sonuncu dəfə avqust ayının maaşını alıblar:

"Həmin vaxtdan bəri maaşlar verilməyib. Maaşını tələb edən işçiləri isə dərhal işdən çıxarırlar.

İşçilərin narazılıq etdiyi digər məsələ isə "İnterAz TV və "Salamnews agentliyi icraçıları arasında ciddi fikir ayrılığının olması ilə bağlı olub. Bu etirazdan sonra Hacı Mətləb Bağırovun müavini Rəşad Dadaşov həmin işçiləri dinləmək üçün iclas keçirib. İclasda "İnterAzın baş redaktoru Kamalə Əliisgəndərqızı, Ülkər Qasımqızı, Səbuhi Əhmədov, Aynur Bayramova, Ceyhun Rzayev, Nazilə Xaqani, Fərid Cəlali, Rafiq İsmayılov, Nərgiz Ərəstunqızı, Gülnar Şakirqızı, İlkin Nadirov, İlkin Amanov, Zaur İsayev və digər əməkdaşlar da iştirak edib.

R.Dadaşov etiraz edən işçilərə sərt şəkildə xəbərdarlıq edərək bildirib ki, kimsə maaşın verilməsindən narazılıq etsə, dərhal işdən qovulacaq. O, bunu M.Bağırovun tapşırığı kimi əsaslandırıb.

Əldə etdiyimiz digər məlumata görə isə bu ilin oktyabrında "Azərspace 1 peykində yayımı dayandırılan "İnterAz TV-nin peyk yayımı ilə bağlı 75 min dollar borcu yaranıb. Həmin vaxtı "İnterAz televiziya kanalı peyk yayımının dayandırılması ilə bağlı xəbərləri təkzib edərək, bunun texniki məsələlərlə bağlı olduğunu, hətta, bir neçə günə peyk yayımının bərpa olunacağını bildirib. Ancaq 2 ay vaxt keçməsinə baxmayaraq, "İnterAzın "Azərspace 1 peykində yayımı hələ də bərpa olunmayıb.