"Bakı şəhərində olmaqdan zövq aldım. Bu şəhərin gözəlliyinə valeh oldum".
 
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, bunu "Yuventus" klubunun səfiri David Trezege deyib.
 
Avropa və dünya çempionu hazırda paytaxtımızdadı. Onun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən "Yuventus" klubunun "I Gighiti Bianconeri" adlı rəsmi fan-klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı "Juventus Camp"la bağlı mətbuat konfransında iştirak etməkdi.
 
Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə fransalı sabiq futbolçu Azərbaycanda futbolun inkişafı üçün işlər görmək istədiklərini söyləyib: "Yuventus" olaraq düşünürük ki, bu cür gözəl ölkədə də futbolun inkişafı üçün işlər görmək lazımdı. "Yuventus" bu ölkədə investisiya qoymağa qərara aldı. Bizim dəstəyimiz burdakı uşaqlara da lazımdı. Ümid edirəm ki, bu layihədə uşaqlar daha çox əylənəcəklər. Bu düşərgədə "Yuventus" gələcəkdə peşəkar səviyyədə oynaya biləcək oyunçular yetişdirə bilər. Xüsusilə də, "Yuventus"un prezidenti və vitse-prezidenti adından təbrik edirəm. Ümid edirəm ki, tezliklə bura qayıdacam".
 
İlk dəfədi ölkəmizə gəldiyini bildirən Trezege Azərbaycan haqda yaxşı təəssüratları olduğunu əlavə edib: "Çox fərqli və gözəl ölkədi. Təəssüflər olsun ki, burda az vaxt keçirəcəyik. Hesab edirəm ki, bu ölkəyə yenə gələcəyik. Burdan xoş təəssüratla qayıdıram. İdmanınızın inkişafı üçün zəmin var".