Səlim Müslümovdan pensiyaçılara təzə nə xəbər var?
Səlim Müslümovdan
pensiyaçılara təzə nə xəbər var?

Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsini genişləndirib. Bunu Fondun sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, DSMF tərəfindən göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınması məqsədilə xidmətlər üzrə inzibati reqlamentlər hazırlanıb və təsdiq olunub. Elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında müqavilə imzalanəb və Fondun əməkdaşlarının elektron imza ilə təmin olunması həyata keçirilib.
Dövlət Xəzinədarlıq Agentliyinin "Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"ndən (KÖMİS) istifadə edən yerli orqanları üzrə xırda ödənişləri həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər şığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədi ilə Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu arasında "AzDataKom" şəbəkəsi üzərində rabitə kanalı qurulub, lazımi texniki avadanlıq və lisenziyalı əməliyyat sistemi ilə təchiz edilibər. Fondun müvafiq orqanları üzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilib.
Səlim Müslümov həmçinin qeyd edib ki, DSMF növbəti elektron xidmətin tətbiqinə başlayıb. Belə ki, "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" xidmətini nəzərdə tutan müasir məlumatlandırma sistemi hazırlanaraq Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib. Bu xidmət vasitəsilə sığortaolunanlar DSMF tərəfindən açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə edə bilərlər. Sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığın daha da artmasına gətirib çıxaracaq. Bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq.
Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirləri görülüb.
DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. Pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və DSMF sistemində korporativ şəbəkənin qurulması təmin edilib. Hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür.
Aliyə