Qraff Lourens külli miqdarda brilyantların satışı ilə məşğul olan, bütün dünyada ən tələbkar müştərilərin istəklərini yerinə yetirən azsaylı zərgərlərdən biridir. O, 14 yaşında tualet təmizləyir, 15 yaşında zərgərlik sənətinin incəliklərini öyrənib, 18 yaşında emalatxana sahibi olub, 24 yaşında isə şəxsi zərgərlik markasını qurub. Qraff Lourens bu gün zərgərlik sənayesinin seqmentinin ən pik nöqtəsində dayanır. Britaniyada doğulub boya-başa çatan Qraffın atası rus, anası yəhudidir. Anasının yəhudi olduğunu nəzərə alsaq, bütün düyünlər açılır və Qraffın uğurlarının sirri məlum olur. Yəqin yəhudilərin bir çox sahələrdə böyük nailiyyətlər əldə etməsi haqqında məlumatlısınız. Bu millətin dünyada ən ağıllı və varlı millət olması əsrlərdir tədqiqatçıları düşündürür. Amma yazının mövzusu bu deyil. Bu yazıda kasıb mühacir oğlunun milyardları necə qazanması haqqında danışmışıq. Əlbəttə ki, onun nailiyyətlərini anasının yəhudi olması ilə əlaqələndirmək ədalətsizlik olardı. Tanrı ona istedad və qabiliyyət verməsəydi, milyardlar qazana bilməzdi...

Unikal.org publika.az-a istinadən "Graff Diamonds" zərgərlik evinin yaranması və inkişaf yolu haqqında yazını təqdim edir.

Tualet təmizləməkdən bezir, zərgərliyi öyrənir

"Graff Diamonds" zərgərlik brendinin qurucusu Qraff Lourens 1938-ci ildə Britaniyada anadan olub. Onun atası Britaniyaya köçən rus mühaciri, anası yəhudi idi. Qraff təhsili ticarətə dəyişən klassik biznesmendir. O, 7 yaşına qədər Londonda Rumıniyadan köçüb gəlmiş yəhudi anası ilə birlikdə bir otaqlı mənzildə yaşayıb. 14 yaşına çatanda Qraff dərslərini elə pis oxuyurdu ki, ailəsi ondan məktəbi atıb ticarətlə məşğul olmağı tələb edir. Gələcək milyarderin ilk işi London mərkəzində yerləşən "Shindler" zərgərlik evində döşəmə və tualet təmizləmək olub. O, burada cəmi üç ay qala bilmişdi, çünki 3 ay sonra tualet təmizləməkdən bezmiş, daha yaxşı işin qulpundan yapışmağa qərar vermişdi. Gənc Qraff vaxtını boşa itirməyi düşünmürdü, odur ki, tezliklə özünə təzə məşğuliyyət tapır. O, əvvəlcə üzük və kiçik zərgərlik əşyalarını təmir etməyi öyrənir, ilk üzüyü 16 yaşında hazırlayır. Bir müddət sonra Qraffın çalışdığı emalatxana bağlanır. Onda Qraffın artıq 18 yaşı var idi. O, yoldaşlarından birindən onu özünə şagird götürməyi xahiş edir. Lakin emalatxanada vəziyyət getdikcə pisləşir. Bu zaman Qraff dostunu emalatxananı bütün borcları ilə birlikdə ona satmağa razı sala bilir. 24 yaşına çatanda o, artıq iki kiçik zərgərlik salonunun sahibi idi. Lakin gənc iş adamı Londonun aparıcı zərgərlərini öz işlərini almağa inandıra bilmirdi. Hazırladığı qızıl-zinət əşyalarını yerli zərgərlərə bəyəndirə bilməyən Qraff səfərə yola düşməyə qərar verir. Qraff mallarını Sinqapurun böyük ticarət mərkəzlərində satmaq məqsədi ilə içində 1000 dollar məbləğində bahalı bəzək əşyaları olan qara dəri çamadanla yola çıxır. Oranın ətraf mühitinə alışdıqdan sonra Qraff mütəmadi olaraq sərgilər və yarmarkalar həyata keçirir. Məhsulun yüksək keyfiyyəti və xüsusi üslubu Qrafın əl işlərinin tezliklə populyarlıq və geniş alıcı auditoriyası qazanmasına imkan yaradır. Həmin illəri tanınmış zərgər və milyarder belə xatırlayır: "On minlik brilyantları birdən-birə iyirmi minə satmağa başladım. Bu, mənim üçün gözəl şans idi".

Ərəblərin sağ əli

Gələcəyin tanınmış zərgəri özünün ilk müştərilərini Sinqapurda tapır, Bruney şahzadəsi və onun dəyərli incəsənət nümunələri toplayan xanımı ilə də tanış olmaq şərəfinə məhz orada nail olur. Onlardan əlavə Malayziya, Hindistan və Çinin bir çox zəngin insanları Qraffın daimi alıcılarına çevrilir. 1966-ci ildən 1986-ci ilədək Qraff ayda ən azı bir dəfə Bruney kralının sarayını ziyarət edir, orada kral lojasının polo oyunlarında iştirak edir. Təbii ki, bütün səfərlərində brilyant əşyaları ilə dolu olan, balaca qara çamadan da onu müşayiət edirdi.

70-ci illərdə ərəblər neftdən qazandıqları pulları Avropa ölkələrində xərcləyirdilər. Onların ən çox üz tutduğu şəhər London idi. Bu, ərəblərlə arası yaxşı olan gənc zərgərə sərf edirdi. Milyarder etiraf edir ki, ərəblərlə əlaqələrini möhkəmləndirmək, ən əsası daimi müştərilərini qoruyub saxlamaq naminə onlara hər məsələdə kömək edib. Məsələn, varlı ərəblərə həkim lazım olanda dərhal tapıb gətirirdi: "Avtomobil lazım olanda onların istədiyi modelləri tapırdım, Səudiyyə Ərəbistan şahzadəsi Londona gələndə onunla lüks mallar satılan mağazaları gəzirdik, sonra isə mənim ofisimə çay içməyə gedirdik. Hətta bir dəfə mağazaya heç bir xəbərdarlıq olmadan Səudiyyə Ərəbistanının şahzadəsi Turki bin Əbdül Əziz gəlmişdi. O, 14 karatlıq iri brilyant istisna olmaqla mağazadakı bütün mallarımı almışdı". Bundan sonra Qraff Britaniyanın "Fəxri legion" və ən yaxşı dizayn işlərinə görə "Diamonds International Award" kimi nüfuzlu mükafata layiq görülür.

Təbii ki, Qraff ən əhəmiyyətli aktların bağlanması üçün ticari səfərlərini davam etdirirdi. 1980-cı illərin əvvəllərində Honkonqda təşkil olunmuş qızıl-zinət əşyalarının sərgisindən sonra Filippinin birinci xanımı İmelda Markos Qraffı öz qəbuluna dəvət edir. Bir həftəlik səfərin sonunda Filippin xanımı Markos Qraffdan sövdələşmənin ümumi məbləği 10 milyon dollar təşkil edən üç tarixi daş alır. Onların sırasında İmperator Maksimilian şərəfinə adlandırılan 42 karatlıq daş da var idi. Əfsanəyə görə, 1867-ci ildə meksikalılar onu güllələyəndə kisəciyə qoyulmuş bu daş onun boğazından asılıb.

"Graff Diamonds" zərgərlik evinin inkişafı

1990-cı illərin əvvəlində ərəblər neftdən daha əvvəlki kimi böyük pullar qazana bilmirdi. Dolayısı ilə qızıl-zinət əşyalarına yatırılan sərmayə xərcləri kəskin şəkildə aşağı düşmüşdü. Onda Qraff Londondakı dükanı yeniləyir, həmçinin Amerika bazarlarına daxil olmağa qərar verir. Hansı ki, dünyadakı qiymətli zinət əşyalarının yarısı orada satılır. O, ilk növbədə Londonun mərkəzi küçələrinin birində daşınmaz əmlaka böyük yatırımlar edir. Zərgərin sözlərinə görə, onun Londonda yerləşən kommersiya binalarının dəyəri hazırda 500 milyon dollar təşkil edir.
Qraffın növbəti məqsədi Amerika bazarına daxil olmaq idi. Həmin ərəfədə Amerikanın aparıcı brilyant brendi "Harry Winston" ətrafında xaos hökm sürürdü, sözügedən şirkətin banisinin ölümündən sonra vərəsəlik uğrunda onun oğulları arasında qalmaqal gedirdi. Bütün bunlar Qraffın xeyrinə işləyir və o, Amerikadakı biznesini genişləndirə bilir. 2001-ci ildə Qraff Nyu-York, Florida və Las-Veqasda yeni mağazalarını açır. Bundan başqa, o, "Saks Fifth Avenue" univermaqları şəbəkəsi ilə saziş bağlayaraq Nyu-Yorkda, Atlanta və Sanda üç köşk açır.

Xarizmatik, lovğa və özündənrazı milyarder

Donald Tramp 2004-ci ildə üçüncü həyat yoldaşı, sloveniyalı supermodel Melani üçün sözügedən zərgərlik evindən 1 milyon dollarlıq 12 karat brilyantla işlənmiş nişan üzüyü alıb. Tramp dostunun işinin peşəkarı olduğunu düşünür: "Onun daşlarının keyfiyyəti, xidmət səviyyəsi və nüfuzu olduqca təqdirəlayiqdir".

Qraff Lourens ABŞ-da prezident seçkilərinə qalib gələn Donald Trampla da möhkəm dostdur. Deyilənlərə görə, bu iki milyarder arasında bir çox oxşarlıqlar var: hər ikisi xarizmatik, lovğa, kobudtəhər və özündənrazıdır.

Zərgərlik evinin üslubu

Ədalət naminə qeyd etmək lazımdır ki, zərgərin sərvətlərinin mənbələrindən biri zinət əşyalarına görünməmiş tələbat idi. "Graff Diamonds" zərgərlik evinin bütün məhsulları əl işidir, nadir çərçivə və bəzək əşyalarının eskizləri yüksək ixtisaslı usta və dizaynerlər tərəfindən hazırlanır. Əsl şedevr yaratmaq üçün hər xam almaz diqqətlə öyrənilir, düzgün emal olunur. Çox diqqətlə cilalanmış almaz çərçivənin gözəlliyini vurğulamaq məqsədi daşıyır. Hər bir qiymətli daş Ana təbiətin qiymətsiz məhsuludur və "Graff" zərgərlik evi hər bir daşı unikal edən incə çalarlara hörmət edir, onları vurğulamağa çalışır. "Graff"ın fərqləndirici xüsusiyyəti məhz bundadır. Üzükləri hazırlayan ustalar brilyantları elə yerləşdirirlər ki, işıq onların içindən keçərək cilalanmış daşın təbii işığını gücləndirir. Bəzi kolleksiyalarda nadir mirvari və digər materiallarla eksperimentlər aparılır. Yeri gəlmişkən, onu da qeyd edək ki, şirkət nadir saatların istehsalı ilə də məşhurdur.

Qraffın biznes strategiyası

"Graff Diamonds" zərgərlik evinin bütün səhmləri zərgərin özünə aiddir. Bir çox zərgərlik brendinin sahibləri hazır məhsul alır və satırlar. Qraff isə hələ 10 il əvvəl qeyri-adi addım atır. Beynəlxalq bazara, xüsusilə iri brilyant daşların bazara çıxışını əldə edə bilmək üçün o, 1998-ci ildə "South African Diamond" istehsalçısının topdansatış və ixracatçı səhmlərinin nəzarət paketinin 51 faizini alır. Nəticədə "Graff Diamonds İnternational" hasilatın topdansatış və pərakəndə - bütün zənciri birləşdirən şaquli inteqrasiya olunmuş şirkət halına gəlir. Belə biznes strategiyası Qraffa daha çox gəlir əldə etməyə, vasitəçilərdən asılı olmamağa, hər bir daş hasilatından öz payını götürməyə və satmağa imkan verir. Qraff Lourens almaz hasilatı ilə məşğul olan, həmçinin ən nadir daşların axtarışını həyata keçirən "De Beers" şirkətinin də ən böyük səhmdarıdır. Şirkətin buraxdığı hər daşın öz unikal identifikasiya nömrəsi var. Ümumiyyətlə, Qraff belə sertifikatlaşdırılmanı tətbiq etməyə başlayan ilk zərgərdir.
Firmanın daha bir üstünlüyü özəl olmasındadır. "Tiffany" və "Graff Diamonds" kimi şirkətlər ehtiyatların dövriyyəsini gərək daim nəzarətdə saxlasın. Qraffın gizli yerlərdə saxladığı lal-cəvahiratın dəyəri 1,5 milyard dollardır. Bu ehtiyatlar ona şərait yaradır ki, nadir brilyantlardan zinət əşyaları düzəltsin. Sözügedən şirkət bu yaxınlarda yaratdığı boyunbağını 30 milyona satıb. Bu boyunbağıda yerləşdirilən brilyantlar ayrı-ayrılıqda satılsaydı, satılmış qiymətin 20 faiz ucuz dəyərini təşkil edərdi. Bu iki amil: daş-qaş ehtiyatı və vertikal inteqrasiya göstərir ki, "Tiffany" şirkətinin əldə etdiyi qazancın rentabelliyi 9,6, Qraffda isə ondan 12 faizdir.

Heyrətamiz boyunbağını yaratmaq üçün Qraffa və Ana təbiətə yarım milyon il lazım oldu

Qraff marketinq də daxil olmaqla biznesinin demək olar ki, hər bir aspektinə şəxsən özü nəzarət edir. Məsələn, 267 karatlıq 30 milyon dollarlıq müxtəlif rəngli brilyant boyunbağının reklam mətnini özü yazmışdı: "Heyrətamiz boyunbağını yaratmaq üçün Qraffa və ana təbiətə yarım milyon il lazım oldu". Boyunbağının reklamı çıxan kimi müştərisi tapılmışdı. Məhsulların satış həcmini artırmaq üçün bəzən heç bir şüar uydurmaq da lazım gəlmir. Qraff bəzən daşlara öz soyadını verməyin hesabına məhsulun qiymətini və satışını artırır.

500 milyon dollarlıq zinət əşyaları ilə bəzədilmiş gözəl

Məşhur zərgər, Londondakı "Graff Diamonds" zərgərlik brendinin banisi və sahibi Lourens Qraf 75 illik yubileyi münasibətilə rekord reklama imza atıb. Bu münasibətlə supermodel Dalya Günter ümumi dəyəri 500 milyon dollar olan daş-qaşla bəzədilmişdi. 1970-ci illərdə saça 1 milyon dollarlıq daş-qaş bəzəyi vuraraq tarixi rekordun müəllifi kimi yadda qalmış Lourens Qraff bu dəfə brilyant və almazlarla yanaşı, 52,73 karatlıq sarı, parlaq zümrüdlərə də yer vermişdi. Və ən nəhayət, Qraff Lourens 100 milyon dollar qiyməti olan, tovuzquşu şəklindəki saç darağından istifadə etmişdi. Dalya Günterin bəzədilməsində ürək formasında olan 51,53 karatlıq brilyant və 50,76 karatlıq almaz sırğalardan, 10,47 karatlıq almaz kulondan, 6,51 karatlıq çəhrayı brilyant üzükdən, 550 karatlıq "Letseng Star" brilyant boyunbağısından, 14 dairəvi almazın salındığı daha bir üzükdən istifadə olunub. Qraff bu addımı atmasını belə izah edir: "1960-cı illərdə brilyant və almaz qaşlı bəzəklərə münasibət mühafizəkar idi. 1970-ci ildə modeli 1 milyon dollarlıq zinət əşyaları ilə bəzəyərək təsəvvürləri dəyişməyə, gənc xanımların ən gözəl bəzəyinin almaz və brilyant olduğunu göstərməyə çalışdım. İndi də gözəl xanıma dünyanın ən bahalı bəzəyini vurdum".

Şəxsi həyatı

Zərgərin xanımı əslən fransızdır. O, Anna-Mari ilə 45 ildir ki, birgə ömür sürür. 3 uşaq atası olan Qraff Lourensin qurduğu böyük zərgərlik imperiyasına ailə üzvləri də nəzarət edir. Onun 43 yaşlı oğlu Fransua Qraff zərgərdən sonra şirkətdə sözükeçən ikinci şəxsdir. Zərgərin sözlərinə görə, şirkətin rəhbərliyini ona vəsiyyət edəcək.

Sərvəti

Zərgərin sərvətinin ümumi dəyəri $ 2,5 milyard qiymətləndirilir və bu məbləğə onun Cenevrə, London, Nyu-Yorkdakı evləri, həmçinin Fransadakı bağ evi, yaxtası, şəxsi təyyarəsi və üzüm sahələri, eləcə də 250 milyon dollarlıq müasir və klassik incəsənət nümunələri kolleksiyaları daxildir.

Müştəriləri

Uzun illərdir ki, bu şirkət zərgərlik sənayesinin elit zirvəsində yerləşir və böyük texniki innovasiyalarla sərhədlərini genişləndirməyə davam edir. "Graff Diamonds" məhsulları bu gün kralların, məşhur simalar və nüfuzlu şəxsiyyətlərin mücrülərini bəzəyir. Kraliça Yelizaveta, İspaniya kralının qızı, Kentski və Monako şahzadəsi, eləcə də digər yüksək vəzifəli şəxslər ticarət evinin daimi müştəriləridir. Dünya ulduzlarından Madonna, Qvinet Peltrou, Ksenya Sobçak, Ulyana Serqeyenko, Şeron Stoun, İvan Tramp və digər ulduzlar "Graff" brendinin qızıl-zinət əşyalarını böyük məmnuniyyətlə taxır. Zərgərlik evinin məhsullarını əlçatan adlandırmaq olmaz. Qiymətli və nadir qızıl-zinət əşyalarının, misli görünməmiş böyüklükdə daşların satışını həyata keçirən zərgər belə hesab edir ki, qadınlar hər şeyin ən bahalısına layiqdir.

Tualet təmizləyən milyarder - FOTO

Tualet təmizləyən milyarder - FOTO

Tualet təmizləyən milyarder - FOTO

Tualet təmizləyən milyarder - FOTO