Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, "Asya İnşaat A.Ş., "Güçlü İnşaat Ltd və "Ekodizayn İnşaat Peyzaj Ltd şirkətləri T.İsmayılovun Antalyada inşa etdirdiyi "Mardan Palace hotelinə qarşı məhkəmə iddiası qaldırıb.
İddiaya əsasən, sifarişçi hotelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, 3 şirkətə 13 mln. lirədən (6,5 mln. manat) artıq vəsait ödənilməlidir.
Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Hotelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.
Sonuncu məhkəmə prosesində hakim hotel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə "Mardan Palace şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə (7,3 mln. manat) ödəməlidir.