Dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.
Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub".
Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.

Qeyd edək ki, ilk dəfə bu məlumatı ictimayyətə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlayıb. Bildirib ki, bu gün səhərə yaxın Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə məxsus 41 saylı platformasındakı çənlərə gəmi vasitəsilə dizel yanacağı doldurularkən (Ələt tərəfdə) yanacaq doldurulmuş çənlərin ağırlığına dözməyən meydança uçub.

"Çənlər dənizə düşüb.Ölüm hadisəsi olmayıb.İşçilər başqa platformaya köçürülüblər. Dənizin çirklənməsi yəqin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlanılacaq. Hal hazırda Neftqaztikinti trestinin rəhbərliyi hadisə yerindədir.Onu da qeyd edim ki, baş verən qəza hadisələrində ,bu trestin də məsuliyyəti az deyil. Trestin fəaliyyətinin də araşdırılması məqsədə uyğundur.Dəqiqləşdirmə aparırıq".-deyə o vurğulayıb.