Sürücü sürət həddini aşıb və radara düşüb. 

Lakin ona həmin inzibati xətaya görə 1 yox, 2 protokol gəlib. Həm də 1 saniyə fərqlə. Bu halda sürücü hər iki cəriməni ödəməlidirmi?

Unikal.org  xezerxeber.az-a istinadən xəbər verir ki, sözügedən hadisə ilə bağlı süjet hazırlayıb.Qeyri-adi hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində baş verib. Bakı şəhər sakini minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən sürət həddini aşıb və radara düşüb.

Lakin sürücüyə eyni radardan inzibati xəta haqqında protokol 1 saniyə fərqlə 2 dəfə rəsmiləşdirilib və ünvanına göndərilib. Hər protokola görə də ayrıca cərimə tələb edilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin sürücüyə 2 protokolun tərtib olunması texniki səhv ucbatından baş verib.Baş Dövlət Yol Polisi İdarəsinini İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə indiyə kimi 2-3 dəfə bu cür hadisə baş verib və sürücülərin müraciəti əsasında protokolardan biri ləğv edilib.

Bu cür hallarda Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və ya şifahi məlumat vermək kifayətdir.