52 yaşlı qadını və onun iki oğlunu ağaca bağlamışdılar. Ağacın gövdəsinin altında, köklərinin arasında isə "adamyeyən" adlandırılan qarışqa yuvası vardı.
Unikal.org bildirir ki, olay Boliviyanın paytaxtı La-Pasdan 150 km şimal-şərqdə, Karanavi bölgəsində yaşanıb.
İki qardaşı avtomobil oğurluğunda suçlayan yerli sakinlər onları meşəyə apararaq ağaca bağlayıblar. Məqsəd ağacın dibindəki qarışqaların bu qardaşlara daraşması, gənclərin işgəncə ilə ölməsi idi. Qardaşların anası bundan xəbər tutanda övladlarının yanına yollanıb, onları ağacdan açmaq istəyib.
Lakin yerli sakinlər bunu görəndə qadını oğullarının yanına bağlayıblar. Bədəninə qarışqalar daraşan qadın ağlayıb, yardım istəyib, lakin onu ağacdan açmayıblar.
Saatlar sonra ölüm ayağında olan qadını xəstəxanaya aparıblar. Qadın reanimasiya bölməsində keçinib. Həkimlərin dediklərinə görə, qarışqalar qadının traxeyasından dişlədiyindən onun nəfəs borusu şişib tıxanmışdı və bu səbəbdən qadın boğularaq ölüb.
Qadının 22 və 28 yaşlı oğulları isə xilas ediliblər./milli.az/