Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir.
Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.
Unikal.org musavat.com-a istinadən bildirir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.
Qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğunu aşkar edib və onları sahibinə verib.
Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.
Zengin evə qayıdarkən qızılları cibindən salıb. Evə çatanda isə qızılları itirdiyinin fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin kor-peşman evinə dönüb.
Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi, bələdiyyədə fəhlə işləyən Təkin Arslan: "Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim", - deyib.