Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib.
Unikal.org-a daxil olan məlumata görə, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor Abel Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.
Daha sonra filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.
Sonda Universitetin həyətində Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq "yallı" rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.