Bu gün Cenevrədə Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfrans işə başlayıb. Məsləhətləşmələrin birinci günü qarant ölkələrin - Türkiyə, Yunanıstan və Böyük Britaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilir. Konfransdan əvvəl Kiprin türk və yunan icmalarının liderləri Mustafa Akıncı və Nikos Anastasiadis iki günlük danışıqlar aparıblar.
Unikal.org xəbər verir ki, müzakirələr BMT-nin himayəsi altında keçirilir. Təşkilatın nümayəndələri Kiprin birləşdirilməsi üçün tarixi şans yarandığını bildiriblər.
Tərəflər gələcək federativ respublikanın icmalar arasında ərazi bölgüsünü nəzərdə tutan xəritələri mübadilə ediblər. İndi onları razılaşdırmaq qalır. Lakin bu proses asan olmayacaq. Belə ki, türk tərəfi ada ərazisinin 29,2 faizinin onlara aid olduğunu hesab etsə də, yunan tərəfinin versiyasına görə, türklərə yalnız 28,2 faiz ərazi ayrılmalıdır. Xatırladaq ki, hazırda türklərin nəzarətində olan ərazi adanın 37 faizini təşkil edir.
İndiyədək, həmçinin Kiprin türk icmasının hüquqlarının müdafiəsi qarantının formulu üzrə də kompromis əldə edilməyib. Telekanalın müxbirinin verdiyi məlumata görə, Türkiyə hesab edir ki, onun qoşunları, az miqdarda da olsa, birləşdirilmə haqqında sazişə əməl olunmasının qarantı qismində adada qalmalıdır. Yunanıstan tərəfi isə bununla razılaşmır.
Beynəlxalq konfransın açılışını edən BMT-nin baş katibi Antonio Quttereş mətbuat konfransında jurnalistlərə bildirib ki, birinci sessiya konstruktiv keçib, lakin hələ görüləsi çox iş qalır. Onun sözlərinə görə, Kipr respublikasında federal institutlar yaradılması məsələsində nizamlanmaya çox yaxınlaşılıb.