Qaçqınlara badalaq atması ilə dünya gündəmini zəbt edən Macarıstanın "N1TV" telekanalının keçmiş əməkdaşı Petra Laslo həbs edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Petra Laszlo 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta təpik vurub. Qucağında övladını tutmuş orta yaşlı suriyalı miqrant da yıxılıb.

Xanım jurnalist hadisə baş verən ərəfədə bildirib ki, o, özünü müdafiə edirmiş: "Mən baş verənlərə görə təəssüf hissi keçirirəm. Əslində həmin an mən şok vəziyyətində idim. Yüzlərlə miqrant polis kordonunu yararaq üzərimə gəldi və mən çox qorxdum. Həmin an nəsə baş verdi. Mən sadəcə düşünürdüm ki, mənə hücum edirlər və özümü müdafiə etməliyəm. Panik vəziyyətdə yaxşı qərarlar qəbul etmək olduqca çətindir. Mən panikaya düşdüm, sanki bu, mən deyildim", - deyə reportyorun yazdığı məktubda deyilir.

O, ünvanına səsləndirilən irqçi ittihamlarını da rədd edib: "Mən bu hərəkətimə görə məsuliyyət daşımağa hazıram. Ancaq mən ürəksiz, irqçi, uşaqları təpikləyən deyiləm. Mən sadəcə balaca uşaqların işsiz anasıyam. Mən həqiqətən təəssüf edirəm", - deyə Laslo bildirib.

Xatırladaq ki, Macarıstanın N1TV televiziya kanalının müxbiri Petra Lazlonun əlində uşaq olan və polisdən qaçan mühacirə qarşı kobud hərəkətlərini əks etdirən kadrların yayılmasından sonra işdən qovulmuşdu.

Macarıstandakı N1TV telekanalının jurnalisti Petra Lazlonun bu əməli yolverilməz sayılıb.
N1TV telekanalı Macarıstandakı ifrat sağçı "Yobbik" partiyasına məxsusdur. Bu partiya antimiqrasiya siyasətinin gücləndirilməsini tələ bedir.