YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsini gülünc hesab edib.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, o fikirlərini belə davam etdirib:
"Əgər hökumət bu cür fəaliyyət göstərməsəydi, onda sən, parlamentə necə seçilə bilərdin? Digər tərəfdən nəzərə alsaq ki, keçən il "I Avropa oyunları" zamanı Azərbaycana edilən təzyiqlərin nəticəsi, Avropa Parlamentinin ədalətsiz qətnaməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüuquqları bürosunun ölkəmizə qarşı etdiyi təzyiqlər nəticəsində fəaliyyət göstərmək digər dövrlərdən çox-çox fərqli idi.
Azərbaycan hökuməti bu məsələlərdə öz mövqeyini ortaya qoydu.
Hətta Ermənistan tərəfindən başlayan təxribatların, ayrı-ayrı dövlətlərin öyrətmələri nəticəsində Azərbaycan daxilində olan separatçı qüvvələrin hərəkətlərinə baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik, iqtisadi inkişaf qorundu. Burada məsələri çox geniş şəkildə, makro və ya mikro iqtisadi sistemdən danışmağa ehtiyac yoxdur.
2015-ci ildə büdcə dolub, insanlar əmək haqlarını, pensiyasını heç bir kəsr olmadan alıb. Tikinti-quruculuq abadlıq işləri davam etdirilib. Bunların hamısı verilən qiymətdir. Burada bəzi məsələr qaldırıldı. Biz burada büdcəni müzakirə etmirik, hesabata qiymət veririk".