Mayın 3-də Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo de Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunacaq. Konsertdə bir sıra ölkələrdə dinləyicilərin qəlbini fəth etmiş virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edəcək.
Yojef Lendvay müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. Yojef Lendvay çoxsaylı müsabiqələrin, o cümlədən İsveçrədə keçirilən Tibor Varqa adına Beynəlxalq Skripka Müsabiqəsinin laureatıdır. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən Macarıstanın "Qızıl Xaç" medalı ilə təltif olunub.
Qeyd edək ki, kamera orkestrini 1963-cü ildə görkəmli bəstəkar və pianoçu Ferens Listin adını daşıyan Budapeşt Musiqi Akademiyasının məzunları yaradıb. Musiqi kollektivinin belə adlandırılması təsadüfi olmayıb, çünki bu ad hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə bağlılıq assosiasıyası yaradır.
Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestrinin özünəməxsus musiqi obrazı var. Orkestrin repertuarı bütün dövrləri və üslubları əhatə edir. Repertuara barokko, klassik, romantik və müasir əsərlər daxildir. Öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə "Grand Prix du Disque" mükafatına layiq görülən orkestr indiyədək 200-dən çox disk yazdırıb.
Kollektiv 50-dən çox ölkədə, o cümlədən Nyu-Yorkda Karnegi zalı, Sidney Opera Teatrı, Tokioda Santori zalı, Parisdə De la Vill teatrı kimi məşhur salonlarda çıxış edib.
Orkestr Svyatoslav Rixter, Yehudi Menuhin, Mstislav Rastropoviç, Adam Fişer, İsaak Stern, Marta Arqerix və digər tanınmış musiqiçilərlə əməkdaşlıq edib, nüfuzlu musiqi festivallarının iştirakçısı olub.