Türkmənsitanda siqaret qıtlığı yaranıb. 2016-cı ilin dekabrın ortalarından etibarən siqaret qıtlığını aradan qaldırmaq üçün bəzi tədbirlərin görülməsinə baxmayaraq problem hələ də qalır. Belə ki, dövlət mağazalarında siqaret satışı başlasa da, bu, tələbatı ödəmir.
Unikal.org xəbər verir ki, mağazalarda ərzaq malları ilə yanaşı siqaret almaq üçün də uzun növbələr yaranır.
Növbələrin qarşısını almaq üçün siqaret satışında bəzi qaydalar tətbiq edilir. Məsələn, siqaret ancaq səhər saatlarında 1 saat müddətində satılır. Satış 8-də başlayıb, 9-da yekunlaşır.
İstisna hal kimi bəzi mağazalarda siqaret satışı nahar fasiləsinə qədər davam edir.
Mağazalardakı polislər növbələrə diqqət edir, qadınları növbədən çıxarırlar. Bunu isə qadınlara siqaret satışının qadağan edilməsi ilə əlaqələndirirlər. Ancaq qadınlar bunu qadağan edən əmri tələb etdikdə, sənəd onlara göstərilmir. Səbəb isə qadağanın rəsmən yox, şifahi verilməsidir. Türkmənistan rəhbərliyi isə bütün bunlara baxmayaraq ölkədə böhran olması barədə məlumatları təkzib edir.
Türkmənbaşı şəhərində qadınları Narkoloji Dispanserdən nikotin asılılığına dair arayış almağa vadar edirlər. Siqaret çəkən qadınlar isə bunu ictimaiyyətdən gizlətmək üçün arayış almağa cürət etmir.
Ancaq qadağalara baxmayaraq piştaxta altından siqaret satışı davam edir. Ancaq bu halda siqaretlər dövlət mağazasındakından 2 dəfə baha satılır. Qutusu 40 manat, yəni dövlət məzənnəsi ilə 11,4 dollar. Dövlət mağazalarında isə bu rəqəm 5,7 dollar, yəni 19-20 manatdır. (cebhe.info)