Braziliya hakimiyyəti Minas-Jerays ştatında "sarı qızdırma" xəstəliyi epidemiyasından öldüyü ehtimal edilən 38 nəfərin ölümünün səbəbini araşdırır.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxduğu ehtimal edilən 133 nəfər aşkarlayıb.

Minas-Jerays qubernatoru Fernandu Pimental epidemiya ilə əlaqədar ştat ərazisində fövqəladə vəziyyət elan edib. Hazırda yoluxma halları ştatın bələdiyyəsində aşkarlanıb. Ən təhlükəli situasiya 12 nəfərin şübhəli ölümünə rast gəlinən Ladainya şəhərindədir.

Qeyd edək ki, "sarı qızdırma" kəskin virus xəstəliyidir, ağcaqanadlar vasitəsi ilə yayılır. Tropik və subtropik iqlim qurşağındakı ölkələrdə rast gəlinən bu xəstəlik yüksək temperatur, ağız boşluğunda, mədə və bağırsaqda qanaxma, qaraciyər və böyrəyin sıradan çıxması ilə müşahidə olunur. "Sarı qızdırma" ölüm faizinin yüksək olduğu xüsusi təhlükəli xəstəlik sayılır.