Bakıda qeyri-adi yol qəzası baş verib. İşıqforun qırmızı işığında keçən motosiklet sürücüsü piyadaları vurub. Buna əsəbiləşən piyadalarla sürücü arasında dava düşüb. Daha doğrusu piyadalar sürücünü döymək istəyiblər.
Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, paytaxtda baş verən hadisə təhlükəsiz şəhər kameralarına düşüb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü işıqforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir. Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür. Piyadalardan biri əli ilə, digəri isə əlindəki kağızla sürücünü vurmağa başlayırlar.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, mühərriki 50 kub-santimetrdən çox olan həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişanı verilir. Belə sürücülərin qayda pozuntusu dərhal kameralara düşür və onlar barəsində müvafiq qaydada tədbirlər görülür.
Bəzi motosklet sürücüləri təkcə işıqforun qırmızı işığından keçməklə yox, digər təhlükəli hərəkətlər etməklə də qayda pozurlar. Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər paytaxtda motosikletçilərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş verib.