Rusiyada 17 yaşlı yeniyetmə məişət zəminində mübahisəyə görə atasını, nənəsini və bacısını qətlə yetirməkdə şübhəli sayılır.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.
Hadisə yanvarın 14-də Tambovsk vilayətinin Sosnovka qəsəbəsində baş verib. Evlərdən birində 67 yaşlı qadın, onun 43 yaşlı oğlu və 14 yaşlı qız nəvəsinin meyitləri aşkar edilib.
Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Qısa müddət sonra 17 yaşlı yeniyetmə saxlanılıb.
İstintaqın versiyasına görə, yanvarın 14-də səhər ailədaxili mübahisəyə görə qəzəbli olan yeniyetmə yuxuda olan nənəsinə, atasına və bacısına çoxsaylı balta zərbəsi endirib. Nənə və bacı hadisə yerində, xəstəxanaya çatdırılan ata isə az sonra xəstəxanada dünyasını dəyişib.