Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ümumiyyətlə, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan həmin bu obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilir. Belə obyektlərdən biri də qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumata görə, "Şəmkir SES Silsiləsi»nin kollektivi cari ilin ötən iki ayı ərzində 119,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal etmişlər. Qeyd edilən həcmdən 87 milyon kolovatsaatdan çoxu «Şəmkir» SES-in, 32,7 milyon kilovatsaata yaxını isə «Yenikənd» SES-in payına düşür.
Qeyd edək ki, Şəmkirli energetiklər cari ilin fevral ayında da məhsuldar işləmişdilər. « Şəmkir» SES respublikanın enerji sisteminə 46,2 milyon kilovatsaatdan artıq, «Yenikənd» SES isə 17,5 milyon kilovatsaata yaxın elektrik enerjisi ötürüb.
"Digər enerji obyektləri kimi, adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir", – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, silsilə üzrə 2015-ci il ərzində 934 milyon milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bunun da 655,3 milyon kolovatsaatdan çoxu «Şəmkir» SES-in, 278,7 milyon kilovatsaatdan çoxu isə «Yenikənd» SES-in payına düşür.
Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, hər iki stansiya üzrə təmir-bərpa işləri «Azərenerji» ASC-nin təsdiq etdiyi plan-qrafikləri üzrə aparılır. Bütün qurğu və avadanlıqlar saz vəziyyətdədir. Hazırda yaz sel-sularının qəbulu və ötürülməsinə hazırlıq işləri davam etdirilir.
Yeri gəlmişkən, avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislər tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunur. Qurğu və avadanlıqlar normal işləyir, işçi heyət tərəfindən hər iki stansiyanın fəaliyyəti nəzarətdə saxlanılır.
Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunub.
Xatırladaq ki, «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»nə "Şəmkir" və "Yenikənd" SES-ləri daxildir.