2017-ci ilin birinci rübündə Belarusda rəqabət qabiliyyətli Azərbaycan məhsullarının ixracını təşviq etmək üçün ticarət evi açılacaq.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Hazırda ilk olaraq Belarusda ticarət evinin yaradılması ilə bağlı iş aparılır, bu işlərin ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır. Analoji ticarət evi Ukraynada da yaradılacaq. Eləcə də Rusiya və digər ölkələrdə də ticarət nümayəndələrinin təyin edilməsi nəzərdə tutulur".
İqtisadiyyat naziri Şahin Mustafayev də jurnalistlərə əvvəlki açıqlamasında bildirmişdi ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Çində də ticarət nümayəndələri təyin etmək niyyətindədir.
Onun sözlərinə görə, ticarət nümayəndələri həmin ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşı statusunu alacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.