Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva illərdir peşəkar gənclərin yerini zəbt edib

Rövşən Rzayev: "Dövlət qurumları kadr siyasətini düzgün qurmağı bacarmalıdırlar"

Son dövrlər Prezident İlham Əliyev hakim komandada islahatlara start versə də, bəzi məmurlar hələ də köhnə ənənələrini davam etdirirlər. Təbii ki, yaşlı nəslin nümayəndələri olan məmurların yeniliklərə ayaq uydura bilməməsi bu islahatlara kölgə salır. Bu səbəbdən də cənab prezident pensiya yaşı ötən məmurlarla bağlı vaxtaşırı qəti qərarlar verir. Amma buna baxmayaraq, bəziləri kölgəyə çəkilərək islahatlar dan «paylarını almamağa» çalışırlar. Xeyli yaşı olan yüksək vəzifə sahiblərindən biri də mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyevadır. Qeyd edək ki, Sevda Məmmədəliyeva 1946-cı ildə Bakı şəhərində anadan olub. Yəni, artıq bu şəxsin 70 yaşı var. Sözsüz ki, 70 yaşlı bir şəxsin nazir müavini kimi önəmli və hərəkətlilik tələb edən bir postu tutması birmənalı qarşılanmamalıdır. Nəzərə alsaq ki, ay ərzində onlarla tədbirdə iştirak etmək, yüzlərlə problemlə maraqlanmaq, vaxtaşır xarici ölkələrə səfərlər etmək, görüşlər keçirmək enerji tələb edir, bu mənada 70 yaşlı bir məmurun bu işlərin öhdəsindən gələ biləcəyi sual altındadır.
Onu da nəzərə çatdıraq ki, S.Məmmədəliyeva 1999-cu il avqust ayının 4-də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. Mədəniyyət sahəsində elmi-praktik baza yaratmaq məqsədilə S. Məmmədəliyevanın təşəbbüsülə Mədəniyyət Nazirliyində mədəniyyət siyasəti şöbəsi yaradılmışdır. Bu şöbə beynəlxalq təşkilatlar və elmi institutlarla (Avropa Şurası, UNESKO, Avropa İttifaqı, MDB ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurası, TÜRKSOY) əməkdaşlıq əsasında mədəniyyət sahəsində yeni siyasət işləyib hazırlayan elmi laboratoriya kimi fəaliyyət göstərib. Təbii ki, onun vəzifədə olduğu dövrdə həyata keçirdiyi müsbət işlər də var. Amma 70 yaşında nazir müavini vəzifəsini icra etmək o qədər də asan deyil. Üstəlik 17 il eyni vəzifəni icra etmək də mənfi tendensiyalar yaradır. Elə bu səbəbdən də S.Məmmədəliyevanın rəhbərlik etdiyi sahədə ciddi problemlər üzə çıxmaqdadır. Yəni, yaşın çox olması problemlərin aradan qaldırılmasında çətinlik çəkir. Qeyd edək ki, artıq neçə illərdir ki, Azərbaycan dövləti öz vəsaiti hesabına yüzlərlə gənci dünyanın ən mötəbər ali məktəblərində təhsil almağa göndərir. Artıq xeyli sayda müxtəlif sahələr üzrə peşəkar kadrlar ölkəyə qayıdıblar. Təəssüf ki, onlar ya işsizdirlər, ya da peşəkarlıq səviyyələrinə uyğun vəzifədə çalışmırlar. Amma Sevda Məmmədəliyeva kimi 70 yaşlı məmurlar yüksək postu zəbt edirlər.
 


Mövzu ilə bağlı Unikal.org millət vəkilinə müraciət edib. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Rövşən Rzayev də unikal.org saytına açıqlamsında bildirib ki, bu məsələ çox ciddi yanaşma tələb edir: "Ölkə başçısı gənclərin təhsili onların idarəçilik sistemində təmsil olunması ilə bağlı bir çox sərəncam və fərmanlar imzalayır, onlara şəraait yaradır. Bu səbəbdən dövlət qurumları kadr siyasətini düzgün qurmağı bacarmalıdırlar. Gənc peşəkar kadrlara yer verilməlidir. Bu həm gənclərimizin, həm də o qurumların inkişafına təkan verər".

Orxan Həsənli