"ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə bilavasitə töhfə verə bilər. Ona görə ki, hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləridir, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən ikisidir, nəhayət, dünyada üz-üzə dayanan iki güc mərkəzidir və dünyanın gündəmini müəyyən edən ölkələrdir".
Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu ölkələrin bu məsələdə fəallaşması münaqişəsinin həllində müəyyən nəticələrin əldə olunmasına töhfə verə bilər: "Bu ölkələr bu məsələdə sağlam məntiqlə fəallaşacağı və bu fəallaşmanın iki ölkə arasında rəqabətə əsaslanmayacağı tədqirdə, koordinasiya olunmuş bir şəkildə fəaliyyətə əsaslanacağı tədqirdə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən nəticələrin əldə olunmasına töhfələr verilə bilər. O şərtlə ki, ortada siyasi iradə olsun, bu, yalnız fəallaşma xatirinə deyil, məsələni həll etmək xatirinə meydana çıxsın".
Vitse-spiker deyib ki, son dövrlərdə "Azərbaycan bir neçə günə Qarabağı azad edəcək" kimi fikirlər səslənməkdədir: "Bu nədən qaynaqlanır?! Bu, vəziyyətin bu şəkildə saxlanılmasından, belə vəziyyətin dözülməz olduğundan, atıla biləcək addımların adekvatlığını qəbul etmək həqiqətindən doğur. Artıq hər kəs anlamağa başlayır ki, bu vəziyyətə bundan artıq dözmək mümkün deyil və Azərbaycanın da dözməmək üçün kifayət qədər imkanları, əsasları var. Əvvəla ona görə ki, ərazilərimizi işğaldan azad etməliyik. Bunun dinc yolla, sülh yolu ilə variantı alınmırsa, qarşı tərəf hər vəchlə buna mane olursa, beynəlxalq ictimaiyyət də onun başını sığallayırsa, biz nə etməliyik?! Digər hüququmuzdan istifadə etməliyik! Digər hüquqlarımızdan istifadə ediriksə, baxırlar ki, onların müdafiə etmək istədikləri Ermənistan bu qarşıdurmada uğursuz tərəf kimi görünür və Azərbaycan belə bir addım atacağı tədqirdə, qısa müddətdə öz qalibiyyətini təmin edəcək".
B.Muradova vurğulayıb ki, Azərbaycanın qalibiyyəti Ermənistanı bir forpost ölkə kimi əlindən çıxarmaq istəməyən dairələrin, regionda bu münaqişənin qalmasından öz maraqlarını güdən beynəlxalq dairələrin, ermənilərin daim ərköyün uşaq kimi qalmasını, lazım olduğu halda müəyyən məqsəd üçün istifadə olunmasını vacib bilən dairələrin arqumentlərini və imkanlarını əlindən almış olur: "Belə olduğu tədqirdə onlar adekvat münasibət göstərəcəklərmi?!".
Milli Məclisin sədr müavini əlavə edib ki, Azərbaycan öz hərbi qüdrətini, iqtisadi qüdrətini artırmalıdır və artırır, öz sözünü təmas xəttindəki insidentlərə münasibətində deyir: "Siz bilirsiniz ki, biz artıq əvvəlki kimi o insidentlərə dözmürük. Lazımdırsa, iri kalibrli silahlardan da istifadə olunur və bizi "snayperləri geri çəkin" tələblərini yerinə yetirməyə heç kəs vadar edə bilməz. Biz snayperləri çəkməliyiksə, siz qoşunları çəkməlisiniz. Əgər qoşunlar ərazidən çıxarsa, hər hansı bir insident də baş verməyəcək, onda heç bir snayperə, heç bir silah növünə ehtiyac qalmayacaq".