Məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 9 mindən çox elektrik sayğacı quraşdırılıb
Son günlər ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi fərman və sərəncamlar diqqət mərkəzindədir. Yanvarın 23-də ölkə başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı da məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü kimi qiymətləndirilir. Bu fərmanda bildirilir ki, 2017-ci il yanvarın 1-dən etibarən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilir. Bu fərman ekspertlərin də qeyd etdiyi kimi, ilk növbədə məcburi köçkün və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin şəffaflığını və ünvanlılığını təmin edəcək. Bundan sonra məcburi köçkünlərə yemək xərcinə əlavə olaraq kommunal xidmətlərə görə vəsaitlər də plastik kartlara yüklənəcək. Bununla da məcburi köçkünlər nəyə nə qədər ödəyəcəklərini özləri müəyyənləşdirəcək, eyni zamanda kommunal xidmətlərdən qənaətlə istifadə edərək artıq qalan pulu bu və ya digər ehtiyaclarına xərcləyəcəklər. Sözügedən fərmanla bağlı hazırda ictimaiyyət arasında geniş fikir mübadiləsi aparılır və bu fərman da digərləri kimi yüksək qiymətləndirilərək dəstəklənir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, artıq ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi, fin qəsəbəsi yoxdur və minlərlə ailə bütün infrastrukturlara malik qəsəbələrdə, kompleks yaşayış binalarında rahat həyata qovuşublar. E. Qədimov məcburi köçkünlərdən də quruma çoxsaylı məktubların daxil olduğunu bildirir: "Bizə ölkə başçısının müvafiq fərmanı ilə bağlı məcburi köçkünlərdən çoxsaylı məktublar daxil olur. Onlardan bir neçəsini sizin KİV-in vasitəsilə ictimaiyyətə çatdırırıq. Cəbrayıldan olan məcburi köçkün Nazilə Cavadova yazır ki, Biləsuvarda salınmış yeni qəsəbədə yaraşıqlı evlə təmin olunub. O qeyd edir ki, kommunal xidmət xərclərinin birbaşa özümüz tərəfindən ödəniləcəyi barədə eşidəndə çox sevinib: " Bəzi adamlar var ki, su, elektrik enerjisi və qazın haqqının dövlət tərəfindən ödənildiyindən sui-istifadə edərək qənaətə yol vermir, müəyyən olunmuş limiti yeri gəldi-gəlmədi bitirirdilər. Bu isə ilk növbədə dövlətimizin büdcəsinə ziyan vurmaq deməkdir. Şəxsən mən indi düşünürəm ki, ailədə adambaşına alacağım 36 manatdan qənaət edib, digər problemlərimizin həllinə xərcləyə, məsələn, həyətimdə saxladığım toyuq-cücəyə yem də ala bilərəm. Ümumiyyətlə, hər bir kəs qənaət etməyi bacarmalıdır. Kor-koranə pul xərcləmək heç kəsin ailəsinə fayda verməyib. Mən Dövlətqaçqınkomun sədri hörmətli Əli Həsənovun AZTV-yə verdiyi müsahibəyə diqqətlə qulaq asdım. Sağ olsun, Əli müəllim bütün məsələləri elə izah etdi ki, artıq hər şey hamıya məlum oldu. Halbuki bəzi adamlar sosial şəbəkələrdə ağızlarına gələni yazırdılar. Mən qonşularla da bu fərman barədə çox söhbət etmişəm. Onlar da həmin fərmanın məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşacağına xidmət edəcəyini vurğulayırlar. İstərdim ki, hər bir məcburi köçkün ailəsi həyata obyektiv baxsın və dövlət büdcəsindən onlara verilən vəsaitdən məqsədyönlü istifadə etsinlər. Belə olduqda onlar yalnız qazana bilərlər.
Bu, məcburi köçkünün məktubda qeyd etdikləridir deyir E. Qədimov. Onun sözlərinə görə, Füzulidən olan məcburi köçkün Seyranə Nağıyeva da məktubunda vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı alqışladığını qeyd edib. Məcburi köçkün yazır ki, fərmana görə bütün müavinətlər hamısı bir yerdə hesablanıb pul formasında məcburi köçkünlərin plastik kartına yüklənəcək və onlar həm yemək xərci, həm də kommunal xidmətlər üçün müavinətləri özləri alaraq ondan istədikləri kimi istifadə edə biləcəklər. Bununla da onlar heç bir təşkilatdan asılı olmadan vəsaiti özü paylaşdıracaq və çalışacaq ki, kommunal xərclər üçün ayrılmış puldan qənaət edib, məsələn, uşağı üçün məktəbli çantası alsın. Bu fərman da sosial ədalət prinsiplərindən qaynaqlanır və özünün səmərəsini yaxın vaxtlarda göstərəcək. Köçkün məktubunda yazır ki, dövlət büdcəsindən məcburi köçkünlərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının, şəffaflığının təmin edilməsi və çatdırılmasının sadələşdirilməsi bu fərmanla tam təsdiqlənir və keçirilən iqtisadi islahatların tərkib hissəsi olmaqla vətəndaşın xeyrinədir. Həmin vəsaitdən kimin necə istifadə etməsi isə əlbəttə, onun öz işidir. Sadıq Quliyev, Laçından məcburi köçkün də Komitəyə məktub yollayanlar sırasındadır. O məktubunda bunları qeyd edir: " Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bütün məcburi köçkün soydaşlarımız tərəfindən razılıqla qarşılanıb və hər bir məcburi köçkün kimi mənim də ürəyimcədir. Biz ailədə beş nəfərik. İndi ailə büdcəmizə ayda 180 manat daxil olacaq və kommunal xidmətlərdən qənaətlə istifadə nəticəsində artıq qalan məbləği digər ehtiyaclarımıza yönəldə biləcəyik. Buna görə də hər şeydən əvvəl təbii qazdan, elektrikdən, içməli sudan daha qənaətlə istifadə edəcəyik. Bu, məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edəcək. Məcburi köçkünlərin qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.
E. Qədimov deyir ki, məcburi köçkünlərin işlətdikləri kommunal xidmət haqlarını israf etmədən işlətməyi yolu həm də sayğaclaşdırmadan keçir: "Bildiyniz kimi, bu günlərdə Dövlətqaçqınkomda geniş müşavirə keçirildi. Bu müşavirədə qeyd edildi ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir. Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir.
"Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirir ki, hazırda sayğaclaşdırma işləri davam edir: " Müvafiq fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə "Azərişıq ASC-də Mərkəzi Qərargah yaradılmiş və Fərmanın icrasına başlanılmışdır. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 9 mindən çox elektrik sayğacı quraşdırılıb.
Qeyd edək ki, ötən gün ölkə başçısı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunur. Həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir. Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilir.
Mələk Eyvazlı