Müəllim, kəndinə qayıt!
12:00 05-07-2012
CƏMİYYƏT
Müəllim, kəndinə qayıt!
Kənd məktəblərində müəllim çatışmazlığı problemini necə həll etməli?
Ötən ilin sonlarından 2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiqi olunmaqla 800 nəfər pedaqoji kadrın ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdu. Təhsil Nazirliyi həmin kadrların 100-nün Naxçıvan Muxtar Respublikası üçün ayrıldığını, qalan vakant yerlərin 309-unun rayon mərkəzindən 20 km-dək, 391-nin isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərə yerləşdiriləcəyi bildirilirdi.
Elə həmin il ölkənin ümumtəhsil məktəblərindəki 2177 vakant yerə işə qəbul üçün 9342 nəfər elektron ərizə vermişdi. Namizədlərin 8658-i iyul-avqust aylarında keçirilən imtahanlarda iştirak etmişdi. Müsabiqə komissiyası müsabiqənin III mərhələsinə buraxılmış 1216 nəfərdən 1038-nin işə qəbul edilməsi barədə qərar qəbul etmişdi.
Kağız üzərində qalan
göndərişlər
Artıq 2011-2012-ci tədris ili yekunlaşıb. Təhsil Nazirliyindən bildirdilər ki, həmin 800 nəfər pedaqoji kadrın ucqar kənd məktəblərinə getməsi məsələsi hələlik icra edilməyib. Bir sözlə, bu tədbir hələlik kağız üzərində öz icra vaxtını gözləyir.
Əslində Azərbaycanın bu təhsil layihəsinin icra olunmasına çox böyük ehtiyac var. Təhsil sistemimizdə narahatlıq doğuran əsas məqam kənd məktəblərində təhsilin qeyri-bərabər paylanmasıdır. Ölkəmizin bəzi ucqar kəndlərində ixtisas müəllimləri çatışmır. Bu zaman coğrafiyya fənnini ədəbiyyat, riyaziyyatı isə fizika-kimya müəllimləri tədris edir. Bu zaman bu cür kənd məktəblərində təhsilin səviyyəsinin hansı səviyyədə olmasını təsəvvür etmək çətin deyil.
Kənd məktəbləri kadr
böhranı yaşayır
Təhsil eksperti Əjdər Ağayev kənd məktəblərində kadr çatışmazlığının o həddə çatdığını bildirir ki, artıq məktəblərdə dərslərin bir çoxunu qeyri-ixtisas müəllimləri tədris edir. Elə kənd məktəbləri var ki, orada dil fənnini tədris olunması üçün müəllim tapılmadığından o fənn keçilmir.
Ən nüfuzlu peşə sahibləri: həkimlər və müəllimlər
Sovet dövründə ən samballı və nüfuzlu peşə sahibləri müəllimlər və həkimlər idi. Bu zaman cəmiyyətdə onlara münasibət də fərqli idi. Həkimə getməyə pulu olmayan kəndli həyətindən yumurta, süd və ya başqa məhsulları onlara göndərirdilər. Həm də müəllimlər və həkimlər təyinat ilə rayon yerlərinə gedirdilər. Müəllimlərin rayon və ucqar kənd yerlərinə təyinat alması prosesi bu gün də gündəmdədir. Kənd yerlərinə göndərilən müəllimlərin təminatı 3 il müddətinə həyata keçirilir, yəni şəhərdən 30 km uzağa gedən şəxsə sosial təminatı ilə birlikdə maaşından əlavə 30% vəsait verilir. Təbii ki, bu 3 il ibtidai təhsil pilləsinin ancaq 3 ilini təşkil edir, daha sonra həmin müəllim oranı tərk edir.
Ötən il 1100 rayon
məktəblərindən
bir nəfər də
olsun abituriyent
məktəbə daxil olmayıb
"XI Əsr Təhsil Mərkəzi"nin sədri, təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, kənd yerlərinə göndərilən müəllimlərə güzəştlər axıra qədər tətbiq edilməlidir. Ekspert təkcə ötən il 1100 rayon məktəbindən bir nəfər də olsun abituriyentin məktəbə daxil olmadığını bildirərək bunun çox təhlükəli tendensiya olduğunu bildirir.
Azərbaycanda
müəllimlərin 85% qadın, 15% kişilərdir
Burada yaranan problemli məqamlardan biri də sosiallaşmanın pozulmasıdır. SSRİ dövründə kəndə təyinat alan qız və oğlanlar orada yerləşib evlənirdilər. Ancaq indi azad təyinat məsələsi ortaya çıxdıqdan sonra artıq heç kim rayona getmək istəmir. Bu gün artıq vəziyyət o həddə çatıb ki, abituriyentlər hətta axırıncı seçimi belə müəllimlik ixtisası üzərində etmək istəmirlər. Müəllimlik sənəti artıq qadın sənətinə çevrilməyə başlayıb. Ancaq bir çox ölkələrdə bu tendensiya bir qədər fərqlidir. Məsələn, Yaponiyada bağçalarda kişilər tərbiyəçi işləyirlər.
Təhsil eksperti Etibar Əliyev Azərbaycanda müəllimlərin 85%-nin qadın 15%-nin kişilər təşkil etdiyinə diqqət çəkir. "Problemi aradan qaldırmaq üçün dövlət çox ciddi stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. Indi qızların rayon yerlərinə göndərilməsi də problem kimi qalır. Nazirlər Kabinetinin kənd yerlərində məlum pedaqoji təminatı proqramı müsbət nəticə vermədi. İmtahanlarda şagirdlərin nəticələri dəyişmir. Ötən il 1100 rayon məktəblərindən bir nəfər də olsun abituriyent məktəbə daxil olmadı. Bu çox pis göstəricidir, hətta TQDK-nın builik keçirdiyi imtahanlarda rayon yerlərində 60-70% 3-2 qiymətləri göstərdilər. Bu pis tədrisdən irəli gəlir, xarici dil deyən müəllim yoxdur, hər müəllim nə istənilən fənni tədris edir. Bu, Azəraycan üçün çox təhlükəli bir tendensiyadır, funksional savadsızlaşmanı artırır", - deyə Etibar Əliyev bildirib.
Problemi necə
həll etməli?
Təhsil eksperti problemin həll edilməsi üçün kəndə göndəriləcək müəllimin əmək haqqının 800-1000 AZN-ə çatdırılması, onlara torpaq sahələri verilməli olduğunu bildirir. Etibar Əliyev rayon yerlərindən uşaqları seçib şəhərə oxumağa göndərək sonradan bu uşaqların həmin rayonlarda işlə təmin olunmalarını təklif edir.
Sonda onu bildirək ki, kənd məktəblərində kadr problemini həll emək üçün müəllimlərə tətbiq ediləcək güzəştlərin müddəti artırılmalıdır. Kadr problemini həll edəcək proqram təhsilin, bazar iqtisadiyyatının tələblərinə cavab verməli, həmin proqram müəllimi kənd məktəbindən qaçırmamalı, onları oraya bağlamalıdır.
Aynur Əliyeva
Digər Xəbərlər
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00