Xəbər verdiyimiz kimi, Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzlanacağı gözlənilir. Artıq bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın son iclasında baxılan müraciətlərin sayı 600-ü keçib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Unikal.org-a deyib ki, Əfv Məsələləri Komissiyası kimin hansı məhsuliyyət daşımasından aslı olmayaraq bura müraciət edən bütün məhbusların məsələsinə baxır: 

"Əfv Komissiyasında kimin siyasi və qeyri-siyasi məhbus olması fərq etmir. Bizim üçün ən mühüm məsələ məhkumun müraciətidir. Bu müraciət məhkumun nümayəndəsi, vəkili tərəfindən edilir. Bizim də işimiz onların müraciətinə baxmaqdır. 

Komissiya üzvü məhbusların hansı şərtlərə əsasən əfv olunanlar siyahısına salınması ilə bağlı şərtləri də açıqlayıb: 

"Həmin məhbusun şəxsi arayışı ilə tanış oluruq. Onun törətdiyi cinayyət əməllərinə baxırıq. Burada məhkumun şəxsiyyəti, xarakteri, davranışı, islah meylliliyi nəzərə alınır. Həmçinin, məhkumun əməlində zərərçəkmiş tərəfin də mövqeyi nəzərə alınır. Bir sözlə, burada balans qorunur. Bundan sonra da müvafiq rəy verilir. Bu məsələdə məhkumun siyasi və ya qeyri-siyasi olması vacib deyil. Bütövlükdə ayrıseçkilik edilmədən hər kəsin müraciətinə baxılır və ciddi şəkildə araşdırılır və müvafiq rəyin hazırlanması ilə bağlı qərar qəbul edilir. 

Əliməmməd Nuriyev müzakirələrin kimlərlə bağlı aparılması barədə ictimaiyyətə məlumat verilməsinin qadağan olunduğunu da vurğulayıb: 

"Birincisi, Əfv Komissiyasında müzakirələr konfedensial xarakter daşıyır. Yəni, müzakirə mərhələsi olduğu üçün son qərar cənab prezident tərəfindən verilir. Ona görə də biz müzakirənin necə və hansı formada keçməsi və kimin haqqında müzakirə aparılması barədə ictimaiyyətə məlumat verməyi etikadan kənar hesab edirik. Bu barədə hər hansı bir məlumatın verilməsi Əfv Komisiyasının əsasnaməsinə də ziddir. 

Amid Əyyuboğlu