Misir Mərdanova qarşı geniş çaplı “yoxlama dalğası”
11:29 06-07-2012
CƏMİYYƏT
Misir Mərdanova qarşı geniş çaplı “yoxlama dalğası”
Təhsil nazirini yeni dərs ilinin
başlamasınadək “vuracaqlar”
Təhsil naziri Misir Mərdanovun başı üzərini yenidən “qara buludlar” alıb. Amma bu dəfə situasiya daha fərqli və ciddidir. Söhbət təhsil nazirinin yeni dərs ilinin başlamasınadək görəvindən alınmasından gedir. Bu barədə redaksiyamıza təhsil sektoruna yaxın etibarlı qaynaqlardan məlumat daxil olub.
Məlumatı verən qaynağın sözlərinə görə, əslində bu ssenari ötən il həyata keçirilməli idi. Amma sonradan məsələ ilə bağlı iqtidar daxilində fikir ayrılıqları yarandığı üçün sadəcə, nazirin müavinlərinin dəyişdirilməsi ilə kifayətlənməsinə qərar verildi. “Amma son 10 ay ərzində təhsil naziri ilə bağlı geniş miyqaslı “zərərsizləşdirmə”, zəiflətmə prosesi aparılıb, səlahiyyətləri azaldılıb, onun əzəli rəqibi TQDK sədri Məleykə Abbaszadənin dili ilə Misir Mərdanovun Azərbaycan təhsilini günbəgün pis vəziyyətə qoyması faktlarla ortaya qoyulub Yəni artıq Mərdanovun “vurulması” üçün ictimai rəy tamamilə hazırlıqlı vəziyyətə gətirilib, onun görəvdən alındığı barədə rəsmi qərarın verilməsi heç kimi təəccübləndirməyəcək, üstəlik, bu qədər müddətdə aparılan kampaniya nazirin artıq vəzifədən uzaqlaşdırılması zamanı gəldiyinə dair hakimiyyətin daxilində də ortaq fikirə gəlinib. Beləliklə, proseslər yeni dərs ilinədək Mərdanovun görəvdən alınmasının istiqamətində inkişaf edəcək” - deyə mənbə vurğulayıb.
Məlumatı verən qaynağın ən maraqlı bilgisi isə artıq Təhsil Nazirliyi strukturlarında geniş miqyaslı yoxlamalara başlanıldığı yönündədir: “Yoxlama bir neçə istiqamətdə və bir neçə dövlət qurumunun iştirakı ilə aparılır. Yoxlamalara büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın müəyyən edilməsi və korrupsiya ehtimallarının araşdırılmasından tutulmuş, qanunsuz tələbə köçürmələri, dərsliklərin hazırlanması və nəşrindəki müəmmaların öyrənilməsi, 1 il əvvələdək həyata keçirilən məktəb tikintiləri və təmirləri zamanı mənimsəmələrə yol verildiyi iddialarının dəqiqləşdirilməsi və s. daxildir”.
Mənbənin dediyinə görə, yoxlamalar sonuncu dərs ilinin bitişi ilə başlayıb və böyük ehtimalla iyulun sonu, avqustun əvvəllərinədək davam edəcək. “Yoxlamalar zamanı Təhsil Nazirliyi strukturlarında ən müxtəlif korrupsiya və qanunsuzluq hallarının müəyyənləşdiriləcəyinə şübhə yoxdur, sonucda isə bütün bu bilgilər dosye halında ortaya qoyulacaq və Mərdanovun görəvində qalmasının mümkünsüzlüyünə dair əsas arqument kimi istifadə olunacaq. Hətta mümkündür ki, bundan təhsil nazirinə qarşı hüquqi ölçü götürülməsi məqsədi ilə istifadə etsinlər. Yəni təhsil naziri yalnız vəzifəsini yox, azadlığını da itirsin”.
Qeyd edək ki, nazirliyin çeşidli strukturlarında yoxlamalar aparılmasını dünən verilən bir məlumat da təsdiqləyib. Həmin xəbərdə deyilir ki, Hesablama Palatasının son Kollegiya iclasında dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.
Hesablama Palatasından verilən məlumata görə, audit zamanı Yaradıcılıq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, bir sıra ciddi maliyyə pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi nəzərə alınaraq Kollegiya tərəfindən yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 12-ci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsi, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qaydada ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdimatın göndərilməsi, habelə Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın verilməsi qərara alınıb.
Bu hələ yoxlamalardan biri haqqında bilgidir, təsdiq edir ki, Təhsil Nazirliyi hazırda ciddi yoxlama nəzarəti altındadır və addımbaşı ortaya qanunsuzluq, maxinasiya çıxır.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00