İsmət Abbasov haqqında müəmma



İsmət Abbasov haqqında müəmma

Nazir taxıl yığımı mövsümündə niyə ortada görünmür?
Ölkədə taxıl biçini mövsümüdür. Mövsümün qızğın çağı olsa da, kənd təsərrüfatı naziri ortada görünmür.

Əvvəlki illərdə biçin mövsümündə nazir və rəhbərlik etdiyi qurum proses barədə tez-tez açıqlamalar verər, taxıl biçininin gedişatı, gözlənilər barədə məlumat və mülahizələrini bölüşərdilər. Bu il isə belə bir tendensiya müşahidə edilmir.
Xatırladaq ki, iki il əvvəl Dövlət Taxıl Fondu İsmət Abbasovun nəzarətindən çıxarıldı. Buna əsas səbəb kimi Kənd Təsərrüfatı Nazirliyinin bu strateji ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdə çətinlik çkdiyi göstərilirdi.
Bununla belə, İsmət Abbasov taxılçılığın durumu barədə mütəmadi danışır, məhsul yığımı zamanı isə xüsusi aktivlik göstərir, sanki bununla Dövlət Taxıl Fondunun əlindən alınmasından ciddi şəkildə pərt olmadığını biruzə verməyə çalışırdı. Elə əslində bu il də kənd təsərrüfatı
naziri taxıl mövsümünə həvəslə başlamışdı. Biçin mövsümünün açılışı münasibəti ilə rayonlardan birində hətta kombayn da sürmüşdü.
Amma ondan sonra İsmət Abbasov ortalarda görünmür. Heç Kənd Təsərrüfatı Nazirliyinin də taxıl yığımının gedişatı barədə açıqlamalarına rast gəlmirik. Bəs bunun səbəbi nədir?
Ehtimallara görə, əgər bunun bir səbəbi İsmət Abbasovun hələ də taxılçılıqla bağlı söz sahibi olduğu görüntüsü yaratmağa çalışmasının qıcıqla qarşılanması və ona bildirilməsidirsə, digər bir səbəb də ümumiyyətlə, son vaxtlar ona aktivlik göstərməsinin məsləhət bilinməməsidir. Söhbət ondan gedir ki, müxtəlif çevrələrdə Abbasovun da baş nazirliklə bağlı iddiasının olduğuna işarə edilir. Bir neçə aydır Artur Rəsizadənin baş nazirlikdən gedəcəyi yönündə xəbərlərin intensivləşməsi fonunda isə onun postuna namizədlərin adları da ön plana çıxarılır.
Məlumatlara inansaq, Abbasovun hökumət daxilində baş nazir olması əsla arzu edilmir və onun azacıq fəallaşması iddiasını ortaya qoyması kimi qiymətləndirilir. Nazir də narahatdır ki, indi də baş nazirlik postu ətrafında söz-söhbətlərin güclənməsi fonunda KİV-də tez-tez görünməsi fərqli istiqamətlərdə yozular və onun indiki postunda qalmasını da təhlükə altına alar.
Buna görə də Abbasov yaxın olduğu iqtidariçi çevrələrin tövsiyəsini nəzərə alaraq, hələlik KİV-
də görünməməyə, rəhbərlik etdiyi nazirliyin adının da mümkün qədər çox hallanmamasına çalışır.
Murad Can