Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır...
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür "qəpik-quruş ola bilməz. Nəticədə "Komsomolskaya Pravda qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.
Həmin fotolar şəhərin Sena meydanındakı "talkuçkada çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: "Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?. Xala "bax o cərgədə deyib, "amma birinci cərgədən almayın, onlar 50-yə satır-xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir.
Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. "Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir-Əzizə adlı özbək satıcı jurnalistə deyir.
Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. "Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq-o əsaslandırmağa çalışır.
Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?