"Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın uzun illərdir orduya göstərdiyi diqqəti, ordunun müasir silahlarla təchiz olunmasını, Silahlı Qüvvələrimizin doyüş qabiliyyətini və ruh yüksəkliyini, ordu-xalq birliyini və xalq-iqtidar birliyini bariz şəkildə nümayiş etdirdi.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov xatırladıb ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bu gün bir qrup hərbçimizlə görüş keçirib:
"Cənab Prezident ümumilikdə aprel döyüşləri ilə bağlı gedişata qiymət verdi, həmçinin gələcəkdə qarşıda duran vəzifələr haqqında danışdı. Hesab edirəm ki, bu, vacib bir məsələdir. Çünki aprel döyüşləri son 20 ildə bizim tariximizdə mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biridir. İndiyə qədər düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, lakin aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa və çox ağır nəticələr verə bilər. Azərbaycan gənclərinin Dağlıq Qarabağa üz tutması, vətəndaşlarımızın könüllü olaraq ordu sıralarına yazılmaqla bağlı müraciətlər etməsi və hamının bir nəfər kimi Ali Baş Komandanın bu siyasətini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə də həll olunmamış qalmasının mümkünsüzlüyünü göstərdi.
Millət vəkili vurğulayıb ki, aprel döyüşləri nəticəsində son bir il ərzində Ermənistanda ictimai-siyasi sabitlik tamamilə pozulub:
"Ermənistan ictimaiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır. Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Ermənistanda keçiriləcək seçkilərdə də müxalifəti təmsil edən bir sıra partiyalar və onların tanınmış nümayəndələri, o cümlədən keçmiş prezidentlər, baş nazir və başqa-başqa strukturlarda rəhbər vəzifələrdə çalışmış şəxslər də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Azərbaycanla əlaqələrin qurulmasını əsas şüar olaraq öz seçki platformalarına daxil ediblər. Aprel döyüşlərinin nəticəsi budur. Yəni bir il ərzində Ermənistan ictimaiyyətinin böyük hissəsi artıq Azərbaycanla sülh danışıqlarına getməyi, Azərbaycanla əlaqələrin qurulması istəyir və Ermənistanın düşdüyü ağır durumdan çıxmasını məhz bu yolda görürlər.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyev də çox düzgün olaraq bugünkü görüşdə həmin məsələlərə toxundu, Azərbaycanlıların öz dədə-baba torpaqlarına, hətta qədim torpaqlarına qayıdacağı mesajını bilavasitə çatdırdı.