"Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib"
Unikal.org xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində səsləndirib. Ölkə başçısı deyib ki, ixriacın həcminə görə, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur: "Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.
Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik".