Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.
Unikal.org-un məlumatına görə, səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçib.
Teruyuki Katori etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və geniş sahələri əhatə etdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsində maraqlıdır. İqtisadi əlaqələrimizin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edən dövlət başçısı bu əməkdaşlığın enerji, bank sektoru və digər sahələri əhatə etdiyini deyib və Yaponiya hökumətinin dəstəyi ilə bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev Yaponiya şirkətlərinin Azərbaycanda investor və kontraktor qismində fəaliyyət göstərməsi üçün yaxşı şəraitin mövcud olduğunu deyib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək.
Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori isə Yaponiya İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlət başçısına çatdırıb. O, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu deyib. Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən səfir Teruyuki Katori əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, ölkələrimiz arasında müasir texnologiyalar, neft və kimya, əczaçılıq, ağır sənaye, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Yaponiyaya səfəri zamanı İmperator əlahəzrət Akihito ilə görüşünü məmnunluqla xatırlayaraq onun da salamlarını Yaponiya İmperatoruna çatdırmağı xahiş edib.
***10:28
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.