Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var. Bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təkliflərini diqqətlə nəzərə almırlar.
Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zaman deyib.
Ə.Əhmədov bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları ilə daha yaxşı əməkdaşlıq qurulmalı, vətəndaş cəmiyyəti təşkilatları da daha ciddi təhlillərə əsaslanan təkliflər irəli sürməlidirlər:
"Vətəndaş cəmiyyəti təşkilatları hökuməti inandırmalıdırlar ki, bu təkliflər hökumətin xərclərini azaldacaq. Əgər bu təklif xərcləri artıracaqsa, hökumət bu təklifləri qəbul etməyəcək. QHT-lər özlərinin faydalı olduğunu, təqdim etdiyi layihələrin hökumət üçün səmərəli olduğunu sübut etməlidir".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının inkişafında maraqlıdır:
"Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb".