10:32

"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi ölkəmizin nüfuzunu bir daha təsdiq edib".

Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb: "Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir".
Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb: "Xarici borcumuz ümumdaxili məhsulumuzun yalnız 20 faizini təşkil edir. Yoxsulluq, işsizlik 5 faizə düşüb. İqtisadi rəqabət qabiliyyətinə görə Azərbaycan 37-ci yerdədir. Azərbaycanın təhsil sahəsinə böyük sərmayə yatırır, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Son 10 ildə 3 minə qədər məktəb tikilib, əsaslı təmir olunub. Ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq".
Dövlət başçısı qeyd edib ki, bəzi siyasətçilər reytinq üçün proqramlarını dəyişir, radikal çıxışlar edirlər: "Belə QHT də var. Medianın da bu sahədə rolu mühümdür. Forumun məqsədi odur ki, bu çağırışlar önündə səylərimizi birləşdirək. Əminəm ki, Forum uğurlu olacaq, qəbul edilən qərarlar həyata keçiriləcək".

***

10:26

"Multikulturalizm sahəsində Azərbaycan artıq beynəlxalq mərkəzə çevrilib".

Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün keçirilən Forum demək olar ki, bütün dünya ölkələrini əhatə edir: "Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".
Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".


***

10:19

"Biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq".

Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın tarixi, mədəniyyəti uğur qazanmağa imkan verir: "Biz birləşməliyik. Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur".
Prezident İlham Əliyev qeyd edib ki, 2008-ci ildə "Bakı prosesi"nə start verilib: "2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir. Təklif edilib ki, Bakı prosesi mükafatı təsis olunsun, mədəniyyətlərarası dialoqa töhfə verən insanlara təqdim edilsin".
Dövlət başçısı bildirib ki, 2015-ci ildə ilk Bakıda Avropa Oyunları keçirilib: "Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır".

***

10:12

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib".

Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb. Forumun tərəfdaşlarının siyahısı genişdir. Azərbaycan hökuməti, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı tədbirin təşkilatçısıdır.
Mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fəxr edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir".
Prezident İlham Əliyev bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb. 2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir".

***

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb.

Unikal.org-un məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Mərasimində prezident İlham Əliyev, YUNESKO-nun baş direktoru İrina Bokova, BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkin, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni çıxışları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi Joze Graziano da Silvanın müraciətinin oxunması nəzərdə tutulur.

Qeyd edək ki, "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar mövzusunda Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Bu gün Forum çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə UNESCO kafedralarının 2-ci akademik forumu və UNESCO-nun İpək Yolu "Onlayn Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olacaq.

Bu gün həmçinin "Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçiriləcək.

Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək.

Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.