Azərbaycanda masaj salonları nələr təklif edir?
Azərbaycanda masaj salonları nələr təklif edir?

Hətta uşaqlar da bu sualın cavabını bilir

"Nərimanov" metrostansiyasının yanındakı parkın yaxınlığında masaj salonu yerləşir. Girişdə alışıb-yanan reklam lövhələri adama "gəl-gəl" desə də, içəridə vəziyyət başqa cürdür (publika.az).

Telefon nömrəsini işıqforun yanında paylanan vizitkadan tapıb zəng elədim. Telefonun o başından həlim bir qadın səsi eşidildi:
- Buyurun.
- Sizin nömrənizi vizitkada gördüm. Masaj üçün gəlmək istəyirəm. Yeri və qiyməti deyə bilərsinizmi?
Qadın əvvəlcə neçə nəfərlə gələcəyimi soruşdu. Tək olduğumu biləndən sonra qiyməti elan elədi:
-Bir saat masaj və çay, cəmi 25 manat.
Qadınla sağollaşıb yollandım verilən ünvana. Məkanı tapmaq o qədər də çətin olmadı. Kənardan nə qədər cəlbedici görünsə də, içərini görəndən sonra fikrim tamamilə dəyişdi.

Çimmək 10 manat

İçəridə məni 18-19 yaşında, laqeyid bir qız qarşıladı. Məni yuxarıdan aşağı etinasızlıqla süzüb, əsəbi-əsəbi soruşdu:
-Nə lazımdı?
Qızın ani reaksiyasından tutulsam da, özümü sındırmadım.
-Bir az öncə xanımla danışmışdım. Masaj üçün gəlmişəm.
Söhbətimizi eşidən 35-40 yaşlarında, qara geyimli bir xanım bizə yaxınlaşdı.
-Xoş gəlmisiniz, buyurun içəri.
Qara geyimli xanım bir az öncə mənə çəmkirən qıza tapşırıq verdi:
-Müəllimə qulluq elə, Nərmin!
Kobud qız qabağa düşüb yol göstərdi və məni masaj kabinələrindən birinə ötürdü. Paltarımı soyunmağa yenicə başlamışdım ki, Nərmin başımın üstünü kəsdirdi:
-Pulu verin də...
-Nə qədər verməliyəm?
-Özünüz çiməcəksiniz, yoxsa mən çimizdirəcəm?
-Sən neçəyə çimizdirirsən?
-25 manat masaj, 10 manat da çimizdirmək.

Masajdan xəbərsiz masajçı

Pulu verib paltarımı soyundum. Ədəb-ərkanla dəsmala bürünüb bir siqaret yandırdım. Siqareti yenicə sümürməyə başlamışdım ki, Nərmin yenə də başımın üstünü kəsdirdi.
Siqareti atmağımı və əllərimi yanıma salıb, üzüstə uzanmağımı tələb etdi. Mənşəyi məlum olmayan kremi belimə yaxıb, həvəssiz-həvəssiz işə başladı. O qədər həvəssiz masaj edirdi ki, az qaldım imtina edəm. Amma verdiyim pul gözümün qabağına gəldiyi üçün, fikrimdən daşındım.
-Niyə həvəssizsən?
-Yuxudan indi durmuşam.
- İşə nə vaxt başlayırsan ki?
- Saat 1-də başlayırıq, gecə 11-ə kimi işləyirik.
- Başqa nə xidmətləriniz var?
- Evlərə gedirik, saatı 25 manata.
- Bəs burda başqa hansı xidmətiniz var?
- Ancaq tibbi masaj, bir də çimizdirmək.
- Bu zir-zibilin içində tibbi masaj olar?
- Təmir gedir də...
Nərminin masajı haqqında ancaq onu deyə bilərəm ki, qızın əsas məqsədi məni başından eləmək idi. Hərdən gələn zənglərə cavab vermək üçün beş-altı dəqiqə ara verir, əlini yumağa gedib gec qayıdır, bir sözlə masajdan başqa hər işlə məşğul olurdu. İnsafa gələndə isə bir-iki kəlmə söhbət edib, başımı qatırdı.
Məsələn, Nərminin verdiyi mənasız sualın cavabı hələ də məni düşündürür: "Niyə türklərə oxşayırsan?" Bu sualın masaja nə qədər dəxli olduğunu deyə bilmərəm, amma görkəmimə, bədənimin möhkəmliyinə deyilən yalançı təriflərdən hiss elədim ki, Nərmin əlavə pul qoparmaq sevdasındadır.
Söhbət əsnasında öyrəndim ki, Nərmin maştağalıdır. Çoxdan burda işləyir. Guya masajla bağlı xüsusi kurs keçib. Amma verdiyi suallardan başa düşürəm ki, bu qızcığazın masaj haqqında demək olar ki, heç bir anlayışı yoxdur. Niyə qeyri-peşəkar olduğunu soruşuram. Əvvəlcə özünü tərifləyir. Amma görəndə ki, mən də masaj haqqında bilgiliyəm gülür:
-Ehh...Bizim kişiləri masaj maraqlandırır ki? Ancaq pis-pis təkliflər edirlər.

1 saat necə keçdi?..

Məlum olur ki, masaj salonuna gələnlərin çoxu başqa məqsədlə gəldiyi üçün masajın da keyfiyyəti çox aşağıdır. Nəhayət ki, Nərmin mənə arxası üstə uzanmaq tapşırıb gedir.
Başa düşürəm ki, məqsədi bir saatı yola verməkdi. Darısqal, səliqəsiz otaqda birtəhər arxası üstə uzanıb dəsmala bürünürəm. Nərmin telefonla danışa-danışa geri qayıdır və qollarımı, ayaqlarımı masaj etməyə başlayır. Yaxşı ki, bu masaja dəxli olmayan üzücü proses tez bitir. Dəsmala bürünüb Nərminin arxasınca hamama, çimməyə yollanıram.
Hamama gedərkən qarşımıza müxtəlif adamlar çıxır. Yarıçılpaq ortalıqda fırlanmağım, keyfiyyətsiz masaj məni özümdən çıxarsa da, Nərmin hər şeyə bəhanə tapır. Səliqəsiz və çirkli dəhlizdən keçib hamama çatanda görürəm ki, salonun açıq pəncərəsindən içəri açıq-aydın görünür. Çöldə əyləşən yeniyetmələrin qınayıcı baxışlarının müşayəti altında hamama keçirik.
Nərmin də, paltarını soyunmadan hamama girir. Məni ortalıqdakı stulda əyləşdirib, balaca uşaq kimi çimizdirməyə başlayır. Hiss edirəm ki, paltarları əməlli-başlı islanır. Hamam da o qədər darısqaldır ki, tərpənməyə imkan yoxdur.
-Nərmin, hamama niyə paltarla girmisən?
-Yaxşı necə girim bəs, soyunum? - sualla cavab verir.
Hiss edirəm ki, Nərmin mənim istəyimi düzgün başa düşməyib. Soyunmağa ehtiyac olmadığını deyirəm. Acı təbəssümlə üzümə baxır.
-Bura gələnlər hamısı eyni şey istəyir. Eyni şey təklif edir.
Başa salıram ki, mənim məqsədim sadəcə masaj olunmaq idi, o da alınmadı. Sənətimi, harda yaşadığımı soruşur. Yazıçı olduğumu deyirəm. Bu dəfə qız lap qəhqəhə çəkir:
-İndi bəyəm yazıçılıqda pul var?
Cavab vermirəm. Nərmin öz xidmətini bitirib yaş paltarla hamamdan çıxır. Mən də dəsmala bürünüb pəncərədən içəri boylanan yeniyetmələrin bu dəfə qəzəbli baxışları altında masaj kabinetinə yollanıram.
Digər kabinələrə boylananda başa düşürəm ki, məni ən səliqəli yerdə "masaj" ediblər. 25 manata aid olan çay dəsgahı ilə maraqlanıram.
Nərmin məni paltarımı geyindikdən sonra yan otağa dəvət edir. Məlum olur ki, çay dəsgahı-zad yoxdur. Bir stəkan ilıq çay məni gözləyir. Nərmin ehtiyatla telefonumu götürüb nömrəsini yazır. Evdə də mənə xidmət göstərə biləcəyini, amma bunun gizli qalmasını, Nərgiz xanımın (deyəsən salonun sahibəsidir) bilməməsini istəyir.
Nərmin gizlicə evlərə getdiyi üçün, sahibədən qorxur. Çayımı içib qalxıram. Qapının ağzındakı qarapaltarlı sahibə və ortayaşlı kişi ilə sağollaşıram. Salon haqqında daha dolğun məlumat əldə etmək üçün, qonşularla söhbət etmədən getmək istəmirəm.
Amma qəribədir ki, rastlaşdığım heç kəs heç nə danışmaq istəmir. Ancaq təxminən 16-17 yaşlarında bir yeniyetmə özü mənə yaxınlaşır. Diqqətlə baxmağından hiss edirəm ki, bayaq məni yarıçılpaq görən yeniyetmələrdən biridir. Şəhər uşaqlarına məxsus yekəkəxanalıqla, bir az da yaşına uyğun çəkingənliklə və utancaqlıqla irad bildirir:
-Qaqaş, "bazlığa" gələndə, o otağın pəncərəsini bağlıyun də...Həyətdən görünür axı...
-Qaqaş, mən ona gəlməmişəm, masaja gəlmişəm.
-Sən dedün, mən də inandım! Onsuz da bütün şəhər bilir ki, burda nə işlə məşğul olurlar. Uşaq-zadam bəgəm.
Üzümü çevirib uzaqlaşıram.
Cəlil Cavanşir