Ruslan Bəşirlinin "Facebook" səhifəsi ikinci dəfə dağıdılıb
Ruslan Bəşirlinin "Facebook" səhifəsi ikinci dəfə dağıdılıb

"Gərək mən həbsxanada öləydim..."

"avropa.info" saytının direktoru Ruslan Bəşirlinin "Facebook" səhifəsi dağıdılıb. Bu barədə Ruslan Bəşirli özü məlumat verib.

Ruslan Bəşirli bildirib ki, dostluğunda olan bütün profillər blok edilib. Ruslan Bəşirli bunun düşünülmüş bir təxribat olduğunu və bu təxribatın kimlərdən qaynaqlandığını bildiyini söyləyib: "Mən təqribi bilirəm ki, bu təxribatın arxasında kimlər durur. Təəssüf ki, mən heç kimlə düşmənçiliyimin olmadığını dəfələrlə bəyan etsəm də, deyəsən mənimlə açıq düşmənçiliyə keçmək istəyirlər. Bu bir qrup boşboğaz qaragürühun etdiyi əməllərdir. "Facebook"dakı profilim cəmi 1 həftə idi ki, qeydiyyatdan keçib fəaliyyət göstərirdi. Mən bu səhifədə nə kimisə ittiham etməmişəm, nə də xüsusi olaraq kiminsə əleyhinə status paylaşmamışam. Sadəcə olaraq, bəzi qaragürühçular mənim həyatda varlığımı belə həzm edə bilmirlər. Bunlara görə, gərək mən həbsxanada öləydim. Mən bu adamlara bir şeyi xatırlatmaq istəyirəm ki, mən mübarizədən qorxmuram. Mən mübarizə görmüşəm, mən 7 illik ağır həbs həyatı görmüşəm ey "Facebook" "qəhrəmanları"! Siz isə mən meydanlarda olanda evdə, mətbəxdə qorxa-qorxa dodaqaltı mızıldanaraq "etiraz" edirdiniz. Sadəcə, mən sizin kimi qaragürühcasına düşünmürəm. Buna görəmi məndən qisas alırsınız? Mən qisasçılıq hissi ilə yaşamıram və sizə baş qoşmaq da fikrində deyiləm. Mən mübarizə aparanda da öz səviyyəmdə olanlarla mübarizə aparıram. Siz isə buna layiq deyilsiniz. Öncə məni qruplardan çıxarıb indi də səhifəmə hücum edirsiniz. Açıq düşmənçiliyə keçsək sonda inşallah siz uduzacaqsınız".
Ruslan Bəşirli qeyd edib ki, "Facebook" səhifəsi bərpa olunsa da, səhifəyə yenidən hücumlar başlayıb: "Ona görə də qərara gəldik ki, yeni səhifə açaq. Yeni səhifə açdıq, ancaq 15 dəqiqə sonra bu səhifəni də dağıtdılar".