Yaz fəslinin başlanmasına baxmayaraq ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Hətta bəzi yerlərdə qarlı, yağışlı hava şəraiti müşahidə edilməkdədir. Artıq insanlar arasında belə bir deyim formalaşıb ki, belə gedərsə, yay gəlməyəcək.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Unikal.org-a açıqlama verib.
O, bildirib ki, hər il olduğu kimi bu il də may ayının bəzi günləri Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür: "Amma bu hava şəraitinin təkcə bu il olduğunu düşünənlər düzgün fikirləşmirlər. Son illərə nəzər salsaq - 2011, 2012, 2013 və növbəti illərdə may ayında eyni hava şəraiti hökm sürüb. Amma yenə də temperatur 26-27 dərəcə arası dəyişir.
Büro rəhbəri yaxın 3 gündə temperaturun azı 3-5 dərəcə artacağının müşahidə olunacağını deyib:
"Havanın çiskin yağışlı olmasına baxmayaraq mayın ayının 27-28-dən sonra havanın temperaturunun 2-3 dərəcə artacağı müşahidə olunacaq. Gələn ayın hava proqnozu da bu ayın sonunda bəlli olacaq. Hazırda araşdırma aparılır və nəticələri barədə məlumat veriləcək. İyun ayında havanın temperaturunun yüksələcəyini müşahidə etmək mümkün olacaq.
Gülşad Məmmədova may ayında Azərbaycanının bir sıra rayonlarına dolu yağmasına da münasibət bildirib:
"Ümumiyyətlə hər il olduğu kimi, bu ilin may ayında da yağıntılar, bəzi yüksək dağlıq ərazilərdə qarlı hava şəraiti də müşahidə olunub. Bu ay Daşkəsən, Gədəbəy, Qax, Lənkəran, İsmayıllı və digər rayonlarda dolu yağıntısı müşahidə edilib. Bu hall əvvəlki illərdə də müşahidə edilib.