Avropa Parlamentinin lüksemburqlu deputatı Frank Engel Ermənistanda nikaha girib. Onun sevgilisi Ermənistan vətəndaşı Tatev Manukyandır. Tatevin Ermənistan İqtisad Universitetini bitirdiyi, sonra İsveçin Dalarns universitetində təhsilini davam etdirdiyi və hazırda Brüsseldə yaşadığı bildirilir.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, nikah mərasimi Ermənistanın Ararat vilayətindəki Virap Xoru monastırında, Türkiyə ilə sərhədin yaxınlığında keçirilib. Maraqlıdır ki, yeni evlənən cütlüyün "xaç atası" Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan olub.
Hərçənd daha əvvəl Engelin Dağlıq Qarabağda toy etmək niyyətində olduğu bildirilirdi.
...Məlum olduğu kimi, Engel və Avropa Parlamentinin daha iki deputatı Azərbaycanın işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz səfər etdikləri üçün Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa veriliblər. Engel Dağlıq Qarabağda separatçılar tərəfindən fevralda keçirilmiş psevdoreferendumda müşahidəçi idi.
Deputat hətta bildirmişdi ki, Azərbaycana qarşı vuruşmağa da hazırdır. "Bu, apreldəki dördgünlük müharibədən sonra idi. Bizim coşqun müzakirələrimizdən sonra Frank dedi: "Azərbaycanlılar bir millimetr də torpaq almayacaqlar, hətta mən hərbi forma geyinməyə məcbur olsam belə"", - deyə Manukyan yazmışdı.
O etiraf etmişdi ki, bu sözlərdən onun dərisi ürpəşib və bu onda sevgi etirafından da böyük təəssürat yaradıb.
"Məhz aprel müharibəsi zamanı mən anladım ki, sərhədlərin müdafiəçiləri yalnız orduda xidmət edənlər deyil. Biz hamımız, özümüzdən asılı olmayaraq, şüurlu və ya şüuraltı istənilən vaxt hərbi formanı geyinməyə hazırıq", - o əlavə etmişdi.
Azərbaycan tərəfindən beynəlxalq axtarışa veriləndən sonra Engel Azərbaycan parlamentinin Xarici və parlamentlərarası əlaqələr üzrə komitə sədri Səməd Seyidova, AvroNEST-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradova və Azərbaycan-Avropa Birliyinin parlament əməkdaşlığı üzrə komissiyasının həmsədri Cavanşir Feyziyevə məktub göndərdi. Orada lüksemburqlu deputat Bakını "ona və Avropa Parlamentinin Qarabağın işğal zonasına baş çəkmiş başqa üzvlərinə qarşı qeyri-leqal hərəkətlərdə" ittiham edirdi.
Engel məktubunda vurğulayırdı ki, Azərbaycan Avropa Parlamentinin üç nümayəndəsini - onu, Eleni Teoxarusu və Yaromir Ştetini bütün günahlarda ittiham edir, yalnız o səbəbə görə ki, onlar "DQR"-də olublar. Engel iddia edirdi ki, beynəlxalq hüququn heç bir prinsipi "DQR"ə səfərləri qadağan etmir. Onun sözlərinə görə, Azərbaycan bunu "xüsusi daxili sənədləşmə əsasında edir, hansı ki, belə vəziyyətlərdə qüvvədə olan beynəlxalq hüququn bütün prinsip və normaları ilə ziddiyyət təşkil edir".
Səməd Seyidovun fikrincə isə Engel əla anlayır ki, hamının qəbul etdiyi normaları pozub, amma bunu inkar edir, çünki cəzanın qaçılmazlığı qarşısında qorxu hissi keçirir.
AŞPA-dakı nümayəndə heyəti başçısının sözlərinə görə, Azərbaycan hansısa "daxili sənədləşməyə" yox, Azərbaycan qanunlarına, hansılar ki, beynəlxalq strukturlarda - Avropa Şurası, Venesiya Komissiyası və başqalarında ekspertizadan keçib - söykənir.
"Engel öz qəlbinin dərinliyində anlayır ki, onun bəyanatları məcburiyyətdən ortaya çıxıb. O öz erməni himayəçiləri ilə yalnız "mənəvi tellərlə" bağlı deyil. Və bütün bunlar nə vaxtsa üzə çıxacaq", - deputatın maliyyə maraqlarına işarə edərək Səməd Seyidov vurğulayırdı.
Və budur, artıq görürük ki, indi Engel, hər şeydən əlavə, Ermənistanla həm də "nikah zəncirləri" ilə bağlandı...