Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında dövlət katibi Reks Tillersonun Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik bəyanatı yerləşdirilib.
Bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.
Dövlət katibi bildirir ki, Birləşmiş Ştatlar ilə Azərbaycan enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, həmçinin demokratik prinsiplərə dair dialoq əsasında uzun illər ərzində qurulmuş güclü tərəfdaşlığa malikdir.
"Mən, həmçinin Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm. O vaxt olduğu kimi, indi də arzularınız var və onların reallaşması üçün çox iş görmüsünüz, - deyə Birləşmiş Ştatların dövlət katibi vurğulayır.
Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq istiqamətində səyləri dəstəklədiyini qeyd edən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.
Bəyanatda bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.