Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında ölkəmizdə səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda ilə görüş olub.

Ombudsman Aparatının mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, görüşdə AŞ Bakı Ofisinin rəhbəri Jöel Mermet də iştirak edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, onlara Ombudsman təsisatının fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsi, təbliği və təmini istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə insan hüquqları istiqamətində qurulmuş səmərəli əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələri diqqətə çatdırıb.
Ombudsman Aparatının şöbə müdiri, MPQ-nin rəhbəri Rəşid Rumzadə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrdə həyata keçirilən başçəkmələr, milli və beynəlxalq standartlar əsasında verilmiş tövsiyələr və onların icrası vəziyyəti, qəbul olunan şəxslər və onların müraciətlərinin effektiv təmini istiqamətində görülən işlər, və yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini baxımından verilmiş çoxsaylı təkliflər əsasında şəxslərin öz iradəsi ilə tərk etmədiyi müəssisələrdə həyata keçirilən islahatlar, həm rəftar məsələləri, həm saxlanılma şəratinin təkmilləşdirilməsi, müraciətlərin effektiv təmini, habelə qanunvericiliyin təkmilləşdirilməsinə verilmiş töhfələr qonağın diqqətinə çatdırılıb.
Qonağa Ombudsmanın nəşrləri haqqında əraflı məlumat verilib, Müvəkkilin illik məruzələri və MPM qismində fəaliyyətinə dair məruzələri disk şəklində təqdim edilib.
Görüşdə qonağı maraqlandıran digər suallar da ətraflı cavablandırılıb və AŞ ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda qonaq Ombudsman təsisatının fəaliyyətini qiymətləndirib və səmimi qəbula görə minnətdarlığını bildirib.