İqlim dəyişmələrinin təbiətdə yaratdığı şıltaqlıqlar getdikcə adiləşməkdədir. Fəsillərin tədricən yoxa çıxacağı ilə bağlı xəbərdarlığın ardınca, daha bir xəbərdarlıq gündəmə gəlir.

Azərbaycanda ildırımvurma halları çoxalıb. Son bir ayın statistikasına nəzərə salsaq, narahatlığa səbəb olduğunu başa düşərik.

İyunun 6-da Cəlilabad sakini Azər Tahir oğlu Qurbanovu çöldə ildırım vuraraq öldürüb.

Qəbələnin Laza kəndində isə ildırım 250 qoyunu birdən vurub. Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər. Təxminən yarım saat sonra özlərinə gəldikdə isə, acı mənzərənin şahidi olublar.

Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini də ildırım vurub. Bununla əlaqədar qəsəbənin içməli su təchizatında fasilə yarandı.

İyunun 15-də isə Zaqatala sakini 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otardığı otlaq sahəsində ildırıma tuş gəlib.

Baş verənlər göstərir ki, bu il ildırımvurma halları artıb və Azərbaycanda ildırımvurma hallarının ən azı əvvəlki illərlə müqayisədə çox olduğunu görməmək mümkün deyil.

Qlobal iqlim dəyişmələri ildırımçaxmalarını sürətləndirib

Unikal.org xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov lent.az-a bildirib ki, qlobal iqlim dəyişmələri ildırımçaxmalarını sürətləndirib.

İldırımın mütəmadi baş verməyən, qısamüddətli bir təbiət hadisəsi olduğunu vurğulayan K. Qurbanov deyib ki, qlobal iqlim dəyişmələri nəticəsində havada keçiricilik artır, bu isə ildırım hadisələrinin artmasına təsir göstərir: "Bu iqlim dəyişmələrinə müxtəlif sənaye müəssisələrindən havaya qalxan tüstü-qazların tərkibindəki zərərli maddələr səbəb olur. Bu zərərli maddələr ozon qatının zəifləməsinə və turşu yağışların yağmasına təsirini göstərir. Atmosferə ötürülən müxtəlif tərkibli qazlarda keçiriciliyin olması nəticəsində də ildırım hadisəsinə tez-tez təsadüf olunur".

K. Qurbanov ildırımvurma hallarında insanların necə davranmalı olduqlarını da izah edib: "Əsasən yüksək binalar, hündür şam ağacları olan yerlərdə ildırımdan mühafizə tədbirləri keçirilir. Çünki ildırımın elə yerlərə düşməsinə daha çox təsadüf edilir. İldırım düşərkən insanlar şaquli vəziyyətdə hərəkət edirlərsə, bu da müəyyən bir yüksəklik sayılır. Əgər insan düzənlikdədirsə, hansısa bir tarlada iş görürsə və yaxud çobanlıq edirsə, örtülü yer tapmadığı halda heç olmasa yerə uzanmalıdır ki, o hündürlüyü azaltsın.

Əgər evdə ildırımdan mühafizə qurğusu yoxdursa, onda ildırımın televizor, soyuducu kimi həssas elektrik cihazlarına təsiri ola bilər. Güclü ildırım çaxması nəticəsində güclü elektrik sahəsi yaranır, yaxşı olar ki, bu cihazlar şəbəkədən ayrılsın".

İldırım hadisələrinin hansı səbəbdən çoxalması araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun böyük elmi işçisi Həsən Nəbiyev isə sözügedən sayta bildirib ki, ildırım buludlararası və buludlarla yer səthi arasında elektrik boşalmaları nəticəsində baş verən bir hadisədir və şimşək və göy gurultusu ilə müşayiət olunur: "İldırım adətən buludların elektrikləşməsi zamanı mümkün olur. Topa yağış buludlarında bu proses çox intensivdir. Burada sahənin gərginliyi, potensial həddən artıq böyükdür. İldırımın uzunluğu bəzən bir neçə kilometrə çatır. İldırım adətən bir neçə kanaldan ibarət olur. Kanallar əyri və şaxələnmiş olurlar. İldırım kanallarını ona görə görmək mümkündür ki, orda həddən artıq qızmış hava çəhrayı-bənövşəyi rəngə qədər işıqlı olur. Bu kanallarda istilik adətən 25-30 min dərəcəyə çatır. İldırım saniyənin onda biri müddətində davam edir.

İldırımın birinci boşalması "lider boşalma" adlanır. Bu boşalma növbəti güclü boşalmalar üçün ildırım kanalı yaradır. Həmin kanalda ən güclü ildırım baş verir. Sonrakı ildırımlar isə nisbətən zəif olur".

H.Nəbiyev bildirib ki, Azərbaycanda ildırım halları daha çox Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Quba-Xaçmazın dağlıq hissələrində baş verir. Düzənlikdə, Aran rayonlarda, Abşeronda bu hadisə çox nadir hallarda olur. Ancaq son zamanlar Abşeronda və Aran zonasında da belə hadisələr get-gedə artmaqdadır.

H.Nəbiyev deyib ki, son dövrdə baş verən iqlim dəyişmələri də ildırım hallarının artmasında səbəb olur: "Hazırda hava kütlələrinin istiqamətində, intensivliyində müəyyən dəyişmələr var. Bu dəyişmələr göstərir ki, dağlarda , Böyük Qafqazda müşahidə olunan hadisələr şərqə doğru köçürülür. Həmin iqlim dəyişmələri atmosfer dövranına, onun intensivliyinə təsir göstərir. Bakıda olmayan bir hadisə indi Bakıda tez-tez qeydə alınır və ildırım göy guruldaması, şimşəklərlə müşahidə olunur. İldırım vuran insanların sayı artır. Hazırda bu istiqamətdə tədqiqat işləri aparılır və bunun hansı səbəbdən çoxalmasının səbəbləri araşdırılır. Belə hadisələri proqnoz etmək çox çətindir. Hazırda bu hadisələrin yaranma şəraiti öyrənilir. İldırımvurmanı proqnoz edə bilsək, əhalini qabaqcadan xəbərdar edə bilərik".

H.Nəbiyev deyir ki, ildırım daha çox yüksək obyektləri vurur: "Dağlıq ərazilərdə qoyun otaran çoban ən hündür obyektdir. Ona görə ildırım ilk olaraq onu vurur. Şimşək çaxanda həmin insan mütləq yerə uzanmalıdır ki, ətrafdakı obyektlərdən hündür olmasın. Düzənlikdə olan ağacın altında daldalanmaq da olmaz. Çünki orda ən hündür obyekt ağacdır və ildırım birinci onu vuracaq. Ağacı da vursa, yəqin ki adamı da vuracaq. Güclü ildırım zamanı yaş paltarda açıq havada durmaq olmaz. Qızlar mütləq qulağının sırğasını çıxartmalıdır. Çantada olan metal əşyanı götürmək lazımdır. Mümkündürsə, telefon söndürülməlidir. Antenası olan bütün cihazların hamısı onu tutur. Bəzən maşında olanda adamlar özlərini daha təhlükəsiz hesab edir. Amma avtomobildə quraşdırılan registratorlar ildırımı darta bilirlər. Əvvəl ildırım çaxanda rayonlarda bütün şəhərin elektrik şəbəkəsi söndürülürdü. Evdə radioqəbuledicilər və telefon söndürülməlidir".

H. Nəbiyev deyir ki, Bakıda tikilən hündür tikililər də hava kütlələrinin dinamikasına təsir edir: "Bu tikililər hava kütlələrinin altında şaquli hərəkətləri gücləndirir. Bu da paytaxtda yağıntıların artmasına gətirib çıxarır. Bakıda yağıntıların, dumanlı hava hallarının sayı artır. Bu da yeni tikilən binalarla bağlıdır. Rütubətli hava həmin binaların səthi ilə təmasda olanda konvensasiya prosesi baş verir, binanın ətrafı həmişə dumanla örtülü olur. Bu istiqamətdə hələ tədqiqat aparılır".

İldırımdan necə qorunmalı?

Fövqəladə Hallar Nazirliyinin ildırımdan qorunmağın yollarını təqdim edirik:

Yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?

Mənzildə olduqda:

- Qapı və pəncərələri bağlayın;

- Elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın;

- Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın;

- Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir;

- Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir;

Küçədə olduqda:

- Mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır;

- Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur;

- Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır;

- Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın;

- Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın;

- Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur;

- Meşədə açıq sahədə çadır qurmayın;

- İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır;

- Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin;

- Təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin;

- Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir;

- Yağışlı ildırımlı havada bayırda və evdə telefonla danışmayın;

- Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın;

- Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa dərhal sudan sahilə çıxmağa çalışın;

- Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın;

- Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın;

İldırımvurma nəticəsində:

- İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir;

- Tənəffüs və ürək qan-damar sisteminin fəaliyyəti pozulur;

- Eşitmə, görmə qabiliyyəti, şüuru və yaddaşı itə bilər;

- Bədəndə yanıqlar ola bilər;

- İldırımın vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi, giriş və çıxış nöqtələri görünür;

İldırımvurma zamanı ilk tibbi yardım:

- İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi masaj edin və süni tənəffüs verin;

- Reanimasiya tədbirləri görün;

- Zərərçəkmişlər həkim nəzarətində saxlanılmalıdır;

- İldırımvurma zamanı ölümün səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır.