Türkiyənin Azərbaycandakı sabiq səfiri və hazırda Moldovadakı səfiri Hulusi Kılıç cəbhədəki son vəziyyət və iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması məsələsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, H.Kılıç "Ölkə.Az-a müsahibəsində deyib ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə sevincimizdir:
"Biz hər zaman bir-birimizə belə yanaşmışıq. Mən ermənilərin qətlə yetirdiyi həmin ailəyə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu cinayəti şiddətlə qınayıram. Bu əməli törədənlər insan ola bilməzlər. Günahsız yaşlı qadını və 2 yaşlı körpəni qətlə yetirənləri insan hesab etmirəm. Bu hadisə bizi 25 il əvvəl törədilmiş Xocalı soyqırımına aparır. Həmin vaxt da ermənilər Xocalıda 83 uşaq, 106 qadın olmaqla 613 nəfər dinc insanı qətlə yetiriblər. Balaca Zəhra balamızın vəhşicəsinə qətlə yetirilməsi bizə Xocalı faciəsini xatırladır. Ona görə də bu hadisələr heç zaman unudulmayacaq.
Səfir ermənilərin törətdiyi son hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə də çağırış edib:
"Mən bunu xüsusi vurğulamaq istəyirəm. Türkiyəni 1915-ci ilin qondarma soyqırımı iddiası ilə günahlandıran qüvvələr yaxşı olar ki, gedib bu hadisəyə qiymət versinlər. Qərb təşkilatları gedib tarixin küllənmiş səhifələrində eşələnmək əvəzinə Xocalı faciəsini və 2 yaşlı körpəni qətlə yetirən ermənilərə qiymət versinlər, Azərbaycanın işğal altında olan ərazilərində ermənilər tərəfindən yerləşdirilən ağır silahlara baxsınlar.
Dünya birliyi nə üçün iki yaşlı Zəhranın ermənilər tərəfindən vəhşicəsinə öldürülməsinə susur? Avropada haradasa bir ağac kəsiləndə, it öləndə, dərhal səs-küy salırlar, məsələni gündəmin ən aktual probleminə çevirirlər və s. Ancaq dünyanın gözü qarşısında erməni silahlıları tərəfindən 2 yaşlı Zəhra və yaşlı nənəsi öldürülür, lakin dünya bunu görməməzlikdən gəlir. Budurmu Avropanın, dünyanın ədaləti?
Hesab edirəm ki, dünya birliyi bu məsələyə laqeyd olmamalıdır. Mən dünya dövlətlərini bu hadisəyə münasibət bildirməyə çağırıram.
BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməsi mövcuddur. Bəs həmin qətnamələrin tələblərinə nə üçün əməl olunmur? Amma başqa ölkələrə gələndə, dərhal icra olunur. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri boş-boş vədlərlə vaxt öldürmək əvəzinə, səmərəli fəaliyyətə başlamalıdırlar, Dağlıq Qarabağ münaqişəsi bir an öncə həllini tapmalıdır. Əks halda çox günahsız insan bu münaqişənin qurbanı olacaq.
H.Kılıç xatırladıb ki, hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır:
"Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin torpaqlarda 25-30 il əvvələdək azərbaycanlılar yaşayıblar, Azərbaycanın tarixi torpaqlarıdır, ermənilər həmin əraziləri silah gücünə işğal ediblər. Bu gün Azərbaycan ordusunun təmas xəttində yerləşməyə tam haqqı var. Çünki öz ərazilərini qoruyur. Ancaq orada erməni hərbçilərinin olması cinayətdir.
H.Kılıç Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini söyləyib:
"Mən Azərbaycanın müdafiə naziri cənab Zakir Həsənovun da çıxışlarını izləyirəm və onu tam dəstəkləyirəm. Erməni hərbçiləri işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmalıdırlar ki, bölgədə sülh və əmin-amanlıq olsun.
Türkiyə hər zaman Dağlıq Qarabağla bağlı mövqeyini açıq bəyan edib. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və regionda sülhün bərqərar olmasını istəyirik. Türkiyə hər zaman da Azərbaycanın haqlı mübarizəsinin yanındadır.
Biz işğal edilən Azərbaycan torpaqlarını türk torpaqları kimi görürük. Çünki Azərbaycan torpaqları böyük və tarixi türk əraziləridir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Diplomat qeyd edib ki, ermənilər Azərbaycanın sürətli inkişafına baxıb ibrət götürməlidir:
"Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasaydı, bu gün o da inkişaf edərdi, regionda həyata keçirilən layihələrdə təmsil olunardı. Ancaq Ermənistanın işğalçı rejimi başqa yolu seçərək, erməni xalqını da uçuruma sürükləyib. Bizim mübarizəmiz erməni xalqı ilə deyil, Ermənistanın işğalçı rejimi ilədir. Biz də istəyirik ki, sülh olsun. Sülh, əmin-amanlıq olarsa, erməni xalqı daha da inkişaf edər. Çox təəssüf ki, Ermənistan hakimiyyəti əhalini öz işğalçı maraqlarının qurbanına çevirib.
Mən Azərbaycanda 4 ildən çox səfir olmuşam. Ona görə də Dağlıq Qarabağ münaqişəsi haqqında dəqiq və obyektiv məlumatlara malikəm. Baxmayaraq ki, indi Moldovada səfirəm, ancaq ürəyimin yarısı Türkiyədə, yarısı isə qardaş Azərbaycandadır. Azərbaycanda xoşagəlməz nə hadisə baş verərsə, bu məni narahat edər.