Amerikalılar Müstəqillik günü ilə əlaqədar atəşfəşanlıq edərkən, Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmiş erməni hərbçiləri günahsız dinc sakinlərə qarşı hücum təşkil edib.

Unikal.org xəbər verir ki, bu "Washington Times" qəzetində Begin-Sadat mərkəzinin və Barilan Universitetinin böyük elmi işçisi Aleksandr Murisonun məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, hər gün erməni hərbçiləri minamyotlardan və snayper silahlardan qoşunların qarşıdurma xəttində dinc sakinlərə atəş açırlar: "Ermənistan tərəfindən istifadə olunan bu taktika Azərbaycanı daha irimiqyaslı cavaba təhrik etməyə yönəlib. Amma iyulun 4-ü qeydə alınan insident Ermənistanın yeni hərbi doktrinasını əks etdirir - dinc sakinlərə təhdid.

Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində yaşayan azərbaycanlılar məktəblər və evlər tikməkdə davam edirlər. Amma qarşı tərəfdə isə yalnız hərbi obyektlər mövcuddur və dinc sakinlər yoxdur.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.