2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən və 2015-ci il fevralın 20-də azadlığa buraxılan, 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ailə quracağı ilə bağlı məlumatlar mediada yayılıb.
Unikal.org xəbər verir ki, musavat.com-a açıqlamasında L.Quliyeva bu xəbərlərin həqiqətə uyğun olmadığını dedi. Bu günə qədər göstərdiyi dəstəyə görə mediaya təşəkkür edən keçmiş məhbus xanım bundan sonra özəl həyatı ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi: "Mən bundan sonra özəl həyatımla bağlı mediaya heç bir açıqlama verməyəcəm. İndi ancaq başımı aşağı salıb, uşağımı böyüdürəm, məni narahat etməyin. Mənim barəmdə də heç nə yazmayın".
Cebhe.info isə xəbər yayıb ki, Lamiyə Quliyeva türkiyəli iş adamı ilə ailə həyatı qurmağa hazırlaşır. Saytın xəbərinə görə, keçmiş məhkum ailə quraraq birdəfəlik Azərbaycanı tərk edəcək.
Evlilik hazırlıqları aparan Lamiyə Quliyeva xeyli müddətdən artıqdır ki, Türkiyədə idi. Bir müddət əvvəl isə Lamiyə Quliyeva Şəmkirə qayıdıb və Azərbaycandan birdəfəlik getmək üçün övladının sənəd işləri ilə məşğul olub.