Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub.
Unikal.org APA TV-yə istinadən xəbərinə görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və sifarişçi Günel Rasim qızı Süleymanova saxlanılıb.
Bu şəxslər Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovun həyatına sui-qəsd edərək öldürmək məqsədilə evinin yaxınlığında ona atəş açıblar.
Günel Süleymanova cinayətin sifarişini verdiyini etiraf edib: "Yusifə dedim ki, o adamı qorxut, mənə belə-belə edib. Dedi nə vaxt? Dedim, ki, mənimlə məhkəməyə gedəcək. Səhər tezdən evinin yerini göstərdim. Dedi, məndə silah var, ordan-burdan ataram, qorxar".
Ramil Hüseynli isə Günelin onu cinayətə necə təhrik etdiyini açıqlayıb: "Görüşmüşəm, mənə deyib ki, pulumu verməlidir, oğlunu çıxartmışam içəridən, bir də mənə sataşıb. Dedim, hədələyəndə o, sənə pul qaytaracaq ki? Biləcək sən eləmisən, sən də mənim adımı verəcəksən. Sonra fikirləşdim ki, qoy hədələyim".
İstintaqla müəyyən olunub ki, Ramil Hüseynli bu işi həyata keçirmək üçün Güneldən külli miqdarda pul istəyib, qadın da buna razılıq verib. Pulun bir hissəsi alınıb və işə start verilib.
Polisdən bildirilib ki, saxlanılanlardan R.Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub. İlkin istintaq araşdırması zamanı məlum olub ki, Günel Süleymanova və həyatına qəsd edilən Qasımov qonşu olublar. Qasımovun oğlunun məhkəmə işi ilə əlaqədar Günel məsələni həll edəcəyinə söz verərək, külli miqdarda pul alıb. O, dələduzluq yolu ilə əldə etdiyi pulu mənimsəyib və işi həll etməyib. Əks tərəfin təkidindən bezən Günel Süleymanova onu aradan götürmək üçün killer tutub.
Qeyd edək ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.