Azərbaycanda xəstəxanalarda çarpayıların sayının tələbatdan artıq olması və bunun sui-istifadə hallarına yol açdığı üzə çıxıb.
Unikal.org APA-ya istinadən məlumatına görə, bu, Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təklifdə əksini tapıb.
Hesablama Palatası qeyd edib ki, "Azərbaycanda əhalinin tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatının normativlərinin təsdiq edilməsi barədə" Səhiyyə Nazirliyinin 31.10.2008-ci il tarixli 151 nömrəli əmri ilə Azərbaycanda əhalinin xəstəxana çarpayıları ilə təminatı normativləri təsdiq edilib və bu normativlərə uyğun islahatlar aparılıb, nəticədə xəstəxanalarda çarpayıların sayı əhali sayına uyğunlaşdırılaraq azaldılıb. Lakin aparılmış islahatlar nəticəsində çarpayıların sayının azaldılmasına baxmayaraq xəstəxanalarda mövcud çarpayı fondundan tam səmərəli istifadə edilmir ki, bu da əsasən xəstəxanalarda çarpayıların sayının rayon və şəhərlər üzrə hələ də tələbatdan artıq olması ilə əlaqədardır. Hesablama Palatası tərəfindən Səhiyyə müəssisələrində aparılmış çoxsaylı audit tədbirləri nəticəsində ayrı-ayrı səhiyyə müəssisələrində çarpayıların illik işləmə günlərinin müxtəlif sayda proqnozlaşdırıldığı müəyyən edilib. Bu göstəricilər 2015-ci ildə auditi aparılmış Göygöl Mərkəzi Rayon Xəstəxanasında 340 gün, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 290 gün, Quba Mərkəzi Rayon Xəstəxanasında 300 gün, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 280 gün, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 290 gün proqnozlaşdırılıb. Çarpayının il ərzində işləmə gününün az proqnozlaşdırılması çarpayıların sayının tələbatdan artıq olması ilə əlaqədardır ki, bu da səhiyyə müəssisələrində çarpayı günlərinin icra faizinin artırılmasına xidmət edir. Nəticədə çarpayı fondundan istifadənin səmərəliliyi azalmış olur və eyni zamanda çarpayı günlərinin icra göstəricisinə uyğun olaraq xəstəxanalarda dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının, digər mal-materialların alınması, eləcə də əmək haqqı və digər xərclər üzrə vəsaitin proqnozlaşdırılması və icrası aparılır. Göstərilənləri nəzərə alaraq və eyni zamanda xəstəxanaların maliyyə təminatına ayrılmış büdcə vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə Hesablama Palatası xəstəxanalar üzrə çarpayı sayının real tələbata uyğun dəqiqləşdirilməsi, eləcə də bunun əsasında xəstəxanaların fəaliyyətinin müqayisəli təhlili və qiymətləndirilməsi üçün respublika üzrə müvafiq normativ əsasında eyni sayda çarpayı işləmə gününün müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edib.

Hesablama Palatası tərəfindən aparılmış audit tədbirləri ilə səhiyyə müəssisələrində çoxlu sayda vakant ştatların olduğu da müəyyən edilib. Bununla yanaşı həmin səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6%-80,6% arasında olmasına, eləcə də, stasionarlarda iş yükünün azalmasına baxmayaraq, vakant ştatların tibb heyəti arasında bölüşdürülməsi hallarına yol verilir. Çarpayı günlərinin icrası Bərdə Mərkəzi Rayon Xəstəxanasında 2011-ci ildə 67,0%, 2012-ci ildə 55,8%, 2013-cü ildə 52,1% olduğu halda vakant olan 30 ştat vahidi, Göygöl Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 80,3%, 2013-cü ildə 78,2%, 2014-cü ildə 79,3% olduğu halda vakant olan 70,0 ştat vahidi, Quba Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 63,3%, 2013-ci ildə 64,5%, 2014-cü ildə 55,2% olduğu halda vakant olan 168,0 ştat vahidi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2012-ci ildə 36,6%, 2013-cü ildə 35,6%, 2014-cü ildə 35,6% olduğu halda vakant olan 16,0 ştat vahidi, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 2013-cü ildə 49,9%, 2014-cü ildə 80,6% olduğu halda vakant olan 52,5 ştat vahidi, Qazax Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 79,7%, 2013-cü ildə 74,7%, 2014-cü ildə 74,9% olduğu halda vakant olan 39,0 ştat vahidi, Zaqatala Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 61,9%, 2013-cü ildə 69,7%, 2014-cü ildə 67,9% olduğu halda vakant olan 21,0 ştat vahidi, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 2013-cü ildə 43,2%, 2014-cü ildə 51,6% olduğu halda vakant olan 192,0 ştat vahidi tibb heyəti arasında bölüşdürülüb və vakant ştatlar üçün proqnozlaşdırılmış əmək haqqı büdcə ilində istifadə edilib. Hesablama Palatası səhiyyə müəssisələrində mövcud ştat vahidlərindən, həmçinin ayrılmış əmək haqqı fondundan səmərəli istifadə edilməsi məqsədilə büdcə ilində çarpayı günlərinin icrasından asılı olaraq vakant ştatların əlavə yük kimi işçilərə həvalə olunması məsələsinə və eyni zamanda həmin məqsədlərə nəzərdə tutulmuş əmək haqqı fondundan istifadə məsələsinə yenidən baxılmasını və bu kimi məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ sənədin hazırlanmasını məqsədəmüvafiq hesab edib.