Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr palatasının spikeri Cavan Mesnardı qəbul edib.
XİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Cavan Mesnard Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək öz yüksək təəssüratlarını bölüşdü. O, təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.
Nazir Elmar Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, yüksək texnologiyalar, kənd-təsərrüfarı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.
Azərbaycanın multikulturalizm ənənələrindən danışan Nazir əsrlər boyu Azərbaycanda müxtəlif dini icmaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.
Görüşdə, həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.